[b]80-ci sınaq [/b]
30.07.2018 - 15:49
[b]80-ci sınaq
[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşması Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis Ağdam klubunu 80-ci avrokubok sınağına çıxaracaq.

 

Belə ki, “Qarabağ” indiyədək 79 avrokubok matçında Qurbanovun rəhbərliyi altında oynayıb. 2009-cu ildə Avropa Liqasının “Rusenborq”la qarşılaşmasında ilk dəfə bu klubla qitə səhnəsinə çıxan mütəxəssis iki turnirdə bu funksiyanı yerinə yetirib.

 

O, ağdamlıları Avropa Liqasının 52, Çempionlar Liqasının 27 görüşünə çıxarıb. Bu 79 qarşılaşmada “Qarabağ” 32 qələbə qazanıb. Qurbanovun rəhbərliyi altında 24 heç-heçə edən əyalət klubu 23 məğlubiyyət alıb. Rəqib qapılarından 84 qolun keçirilməsinə sevinən mütəxəssis 77 topun buraxılmasını izləyib.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyunu da Qurbanov üçün “80”lə əlamətdar idi. Həmin matç çalışdırıcının ümumilikdə 80-ci avrokubok görüşü idi.