Qazaxıstanın “Turan” klubundakı məşqçilik fəaliyyəti qısa sürən Vaqif Cavadov tezliklə yeni klubunda işə başlaya bilər.
Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis növbəti mövsümdən Azərbaycanda çalışmağa yaxındır.
Çünki AFFA onu işlə təmin etmək niyyətindədir. A kateqoriyalı məşqçilik kursunu oxumağa hazırlaşan 33 yaşlı Cavadovun gələn mövsümü “Səbail” və ya “Sumqayıt”ın məşqçilər korpusunda keçirməsi gözlənilir.
Bu da hazırda “Səbail”də köməkçi-məşqçi kimi çalışan Emin Ağayevin durumundan asılıdır. Ağayevin “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqaya köməkçi təyin olunması gözlənilir. Bu baş verərsə, onun “Səbail”də boş qalan yerini Cavadov tutacaq. Əks təqdirdə Azərbaycan millisinin sabiq hücumçusunun vaxtilə formasını geyindiyi “Sumqayıt”a təyinatı istisna deyil.
Qeyd edək ki, Vaqif Cavadov ötən ay “Turan”da Vladimir Qazzayevin köməkçisi təyin olunsa da, cəmi bir ay sonra Qazaxıstan klubundan ayrılıb.