UEFA AVRO-2020-nin ən yaxşı futbolçuları ilə bağlı siyahısını yeniləyib.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 1/8 final mərhələsindəki oyunlardan sonra oyunçuların cədvəldəki yeni yerlərini açıqlayıb.
Hər mövqedəki oyunçuların ən vacib statistikalarını nəzərə alan xüsusi hazırlanmış proqram göstəriciləri anında yeniləyərək, faydalılıq indeksini müəyyənləşdirir. Qrup və 1/8 final matçlarından sonra Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo birinci pillədəki yerini qoruyub. Onu Çexiya yığmasının hücumçusu Patrik Şik və almaniyalı müdafiəçi Robin Qosens izləyib.
Ukrayna yığmasının forvardı Andrey Yarmolenko 4-cü yerə yüksəlibsə, Xorvatiya millisinin kapitanı Luka Modriç 5-ci pilləyə enib. Maraqlıdır ki, ilk “beşlik”dəki oyunçulardan yalnız Şik və Yarmolenko yoluna davam edir.
Qeyd edək ki, iyulun 2-3-də AVRO-2020-nin 1/4 final matçları keçiriləcək.