Adrian Pit: “Makkabi”yə 0:8 hesabı uduzduğumuz oyun sanki zarafat matçı idi” - MÜSAHİBƏ
21.12.2019 - 14:17
Adrian Pit: “Makkabi”yə 0:8 hesabı uduzduğumuz oyun sanki zarafat matçı idi” - MÜSAHİBƏ

2011-2014-cü illərdə Azərbaycanda “Xəzər Lənkəran” klubunun formasını geyinmiş rumıniyalı Adrian Pitin apasport.az saytına müsahibəsi

- 36 yaşınız var və karyeranızı davam etdirirsiz. Deyəsən, hələlik butsuları mıxdan asmağı düşünmürsüz.
- Karyeramı başa vurmaq? Bu çox çətindir. Çünki futbol mənə hər şey verib, futbol həyatımın önəmli hissəsidir. Kiçik şəhərdə, futbol komandasında oynayıram. Karyeramı hələlik başa vurmamışam.

- Azərbaycan Premyer Liqası necə, sizin üçün maraqlı gəlir? Çempionatımızı heç izləyirsizmi?
- Əlbəttə ki, Azərbaycan çempionatını izləyirəm. Nəticələrdən xəbərdaram.

- Sizin üçün doğma sayılan “Xəzər Lənkəran” Premyer Liqada təmsil olunmur. Komanda fəaliyyətini dayandırdı. Azərbaycan çempionatı da təxminən Bakı birinciliyinə çevrilib. Bununla bağlı fikirlərini necədir?
- Təbii ki, “Xəzər Lənkəran”ın fəaliyyət göstərməməsi Azərbaycan futbolu üçün mənfi haldır. Çünki Lənkərandakı fanatlar kimi ölkənizdə hansısa klubun azarkeşləri yoxdur.

- “Xəzər Lənkəran”a gəlməmişdən əvvəl “Roma”da oynamışdız. Maraqlıdır, o vaxtı bu keçidin necə baş tutmuşdu?
- Azərbaycana gəlməyi özüm istəmişdim. Çünki Mirça Redniklə çalışmaq istəyində idim. Mənə görə yaxşı transfer idi. “Xəzər Lənkəran”da hər şey ürəyimcə idi. Orada insanlar məni çox sevdi, mən də “Xəzər Lənkəran”ın ən vacib oyunçularından biri oldum.

- Azərbaycana gəlməmişdən əvvəl daha tanınmış klublardan təklif almışdız? 
- Yaxşı təkliflər gəlmişdi. Amma mən Lənkərana yollanmaq qərarına gəldim. “Xəzər Lənkəran”a keçməyimə görə məni heç kim məcbur etməmişdi.

- “Xəzər Lənkəran”ın ən prinsipial rəqibi “Neftçi” idi. Maraqlıdır, heç “Neftçi”yə keçmək ehtimalız olmuşdu, bu klubdan təklif almışdız?
- Xeyr, belə bir şey olmamışdı.

- Azərbaycanda ən prinsipial oyun “Xəzər Lənkəran” – “Neftçi” komandaları arasında keçirdi. Bu komandaya qarşı hansı oyun sizin üçün unudulmazdı? Oyunlardan əvvəl çox həyəcanlı olurdunuz?
- Əlbəttə ki, onlara qarşı oyular unudulmaz və gözəl idi. “Xəzər Lənkəran” – “Neftçi” matçları həmin vaxtların ən vacib oyunlarından idi. “Ağ-qaralar”ı evdə 2:1 hesabı ilə məğlub etdiyimiz və mənim qol vurduğum oyun mənim üçün daha unudulmaz idi.

- Sizcə, hazırda “Xəzər Lənkəran”ın fəaliyyətini davam etdirməməsinin əsas səbəbi nədir? Vaxtilə komandaya çox legioner cəlb edilmişdi, yaxşı pul xərclənirdi. 
- Həqiqətən də, “Xəzər Lənkəran”ın fəaliyyətini nəyə görə dayandırdığını bilmirəm. Orada nə baş verdiyini anlamadım. Amma düşünürəm ki, “Xəzər Lənkəran”da kimsə səhvə yol vermişdi. Nə olduğunu kimsə bilmir. Sadəcə buna görə təəssüflənirəm. 

- Klubun sizə borcu qalmışdı?
- “Xəzər Lənkəran”ı tərk edəndə anlaşmamız olmuşdu. Azərbaycanda başqa klubdan təklif almışdım. Amma onlar mənə görə böyük məbləğ tələb etdi. Lakin həmin məbləği heç kim vermədi.

- Hazırda isə ən prinsipial oyun “Qarabağ” və “Neftçi” arasında keçirilir...
- “Qarabağ”ı avrokuboklarda izləyirəm. Amma “Qarabağ” və “Neftçi” komandaları arasında keçirilən oyunlardan hazırlanan videoları görmüşəm. Məncə, “Xəzər Lənkəran”ın “Neftçi”yə qarşı keçirdiyi oyunlar azarkeşlər üçün daha yaxşı idi. Stadionlar demək olar ki, dolu olurdu.

- “Xəzər Lənkəran”da oynadığın dövrlərdə “Qarabağ” o qədər də güclü deyildi. Ancaq indi hegemonluq edirdilər, ardıcıl altı ildir ölkə çempionu olurlar. Sizcə, bunu nəyin hesabına bacardılar?
- Bilirsiz, “Qarabağ” bunu necə bacardı? Çünki onlar hər altı aydan bir baş məşqçi və oyunçuları dəyişmirlər. Bir çox futbolçu bizim dövrdən hələ də “Qarabağ”da oynayır. 

- “Xəzər Lənkəran”ın Avropa Liqasının təsnifat mərhələsində Lənkəranda “Makkabi”(Hayfa) klubuna 0:8 hesabı ilə uduzduğu oyunda siz də iştirak edirdiz. Məğlubiyyətdən sonra Con Toşakın istefaya yollanması üçün futbolçuların bilərəkdən bu cür hesabla uduzduğu söz-söhbətləri çıxmışdı. Həmin oyunu necə xatırlayırsız və həmin vaxt baş verənləri açıqlaya bilərsizmi?
- “Makkabi” ilə oyunumuza baxın, sanki zarafat matçı idi. Ancaq təbii ki, biz bu görüşdə olduqca pis mübarizə aparmışdıq. Nəyə görə belə olduğunu bilmirəm. Bəlkə də sizin söylədiyiniz məsələ mümkündür. 

- “Xəzər Lənkəran”da sizinlə birlikdə çıxış etmiş həmyerlin Adrian Skarlatake hələ də Azərbaycanda oynayır. Siz niyə Azərbaycanda qala bilmədiz?
- Bəli, Skarla ilə indi də əlaqələrim var. Ötən həftə də danışmışıq. Karyeramı Azərbaycanda davam etməməyimə səbəb nə oldu? “Xəzər Lənkəran” ölkənin başqa klubuna keçməyimə imkan vermədi. Onlar mənə görə çox pul istədilər. Hansı ki, həmin pulu heç kim ödəməzdi də.

0
Adrian Pit Xəzər Lənkəran rumıniya futbolçu