Aftandil Hacıyev: “Çətinliklər elə ondan sonra başladı” - MÜSAHİBƏ
30.12.2019 - 09:59
Aftandil Hacıyev: “Çətinliklər elə ondan sonra başladı” - MÜSAHİBƏ

"Səbail"in baş məşqçisi Aftandil Hacıyevin apasport.az saytına müsahibəsi

- Mövsümün ilk yarısı başa çatdı. "Səbail" turnir cədvəlinin son pilləsində qərarlaşıb. Hazırkı durumu necə şərh edəcəksiz?
- Ötən mövsüm üçüncü pilləni tutandan sonrakı vəziyyəti sizin üçün təhlil etmək istəyərdim. Çətinliklər elə ondan sonra başladı. Klubda baş verən maliyyə enişi Avroliqada da öz təsirini göstərdi. Komandadan bir çox futbolçu getdi, çempionata başqa heyətlə hazırlaşdıq. Buna baxmayaraq, biz Avroliqadakı çıxışımızın və yay hazırlığının bəhrəsini ilk dövrədə görə bildik. Lakin komandadakı rəqabətsizlik və zədələr çıxışımıza öz təsirini göstərdi. Bunları gözləyirdim, bilirdim ki, zaman keçdikdə bizim üçün daha da çətin olacaq. Bu vəziyyətdən çıxmaq üçün yeni futbolçular cəlb edə bilərik. Heyətimizi qoruyub-saxlamaq niyyətindəyik. 

- Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya Krayova"nı keçə bilsəydiz, "Səbail" bu durumda olmayacaqdı?
- Problemlər "Universitatya Krayova" ilə oyunlardan əvvəl baş vermişdi. Transferlərin gedişatında artıq bəzi problemlər yaşandı. Bolqarıstandakı hazırlıq zamanı bizə məlumat vermişdilər. Düşünmürəm ki, Krayova təmsilçisini keçsəydik, hər hansı dəyişiklik baş verəcəkdi. Rəqibimiz güclü olsa da, hər iki oyunda çox yaxşı mübarizə apardıq. 

- Son pillədə olsanız da, bərbad oyun göstərmirsiniz. Bəzi matçlarda yaxşı müqavimət də göstərirsiz. Amma nəticə olmur. Bunların hamısı maliyyə problemi ilə bağlıdır?
- Bəli, oyun baxımından rəqiblərə uduzmuruq. 3-4 matç olub ki, futbolçular görüşə köklənə bilməyiblər. Digər oyunlarda hətta rəqiblərimizdən üstün də olmuşuq. Hakim ədalətsizliyi ilə üzləşmişik. Əgər referi "Keşlə" ilə görüşdə təmiz qolumuzu qeydə alsaydı, sonuncu pillədə olmazdıq. Ölkə kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə cavab qarşılaşmasında baş hakim təmiz qolumuzu qeydə alsaydı, yarımfinala adlamışdıq və sizinlə fərqli danışırdıq. Mənə olan çətinliklər tək maliyyə baxımından deyil. Digər tərəfdən də təzyiqlər oldu. Bunları da nəzərə alıb 12 xalı qənaətbəxş sayıram. 

- Hər turdan sonra sizin istefa verəcəyinizi gözləyənlər az deyil. Təzyiq deyəndə bunu nəzərdə tutursuz?
- Bəli, bunlar da var. Bəzilərinin nəyə görə bu cür düşünməsi mənə çatmır. Hansı meyarlara görə mənim istefa verməli olduğumu deyirlər? Klub qarşımıza hər hansı məqsəd qoymayıb. Bizə olunan haqsızlıqlardan danışılmır. Bəzi jurnalistlər haqsız təzyiqlər göstərir. Amma bunu böyük problemə çevirmirəm. Bəlkə onların da qazancı məni tənqid etməkdən keçir.

- Onda belə çıxır ki, qışdan sonra da sizi "Səbail"in baş məşqçisi kimi görəcəyik?
- Hələ ki, bu barədə müzakirəmiz olmayıb. Rəhbərliklə də səmimi söhbətimiz olub. Məndən və heç kimdən narazılıq bildirilməyib. Sadəcə düşdüyümüz bu durum yaya kimi davam edə bilər. Səbir edib, komandaya da gənc yerli futbolçular cəlb edib onlara şans verməliyik. Qışa kimi gənc yerlilərin bir neçəsindən istifadə etmişik. Bunun üzərində dayanmağa çalışacağıq.

- Ağabala Ramazanov, Elvin Yunuszadə komandadan getdi. Bir neçə futbolçunuzun da adı başqa klublarla hallanır. Onların gedişi komandaya necə təsir edəcək?
- Futbolçular ötən mövsüm komandaya öz köməkliyini ediblər. Əlbəttə ki, gedişlər bizim komandanı zəiflədəcək. Qışda onların yerinə istədiyimiz futbolçuları tapa bilmərik. O maliyyə də yoxdur ki, onları istədiyimiz səviyyədə əvəz edək.

- Maykl Esyen "Səbail"ə lazım idi?
- Ümumən götürsək, Esyenin ölkəmizə dəvət olunması pis addım deyil. Ölkəmizin tanıtımı məqsədilə onun kimi ulduzum bura gəlməsi xeyrimizədir. Sadəcə ondan düzgün istifadə etmək daha yaxşı olardı. Yayda rəhbərliklə söhbətimizdə Esyenin oynayaraq da bizə fayda verə biləcəyi qərarını qəbul etdik. Ardıcıl tədbirləri olduğuna görə məşqlərə ara verib. Demək olar ki, hər ay tədbirlərdə iştirak edir. 

- Məşqlərə ara verdiyinə görə Esyenə narazılığınızı bildirirsiz?
- Onu da başa düşürəm. Çünki müqavilədə qeyd olunan və aramızda olan razılığa uyğun detallardı. Bu ilə qədər oynadığı görüşə, çıxardığı ada görə Esyendən narazılıq etməyim düzgün olmaz.

- Maliyyə durumu ürəkaçan deyilsə, qışda necə transfer edəcəksiz?
- Gücü daha çox baxışlara yönəldəcəyik. Bu legioner də ola bilər, yerli də. Sadəcə büdcəmizə uyğun olmalıdır. Birbaşa müqaviləyə gələn də istəmirəm, çünki səhv etmək niyyətində deyiləm. Oyunçunu canlı görəndən sonra qərar vermək istəyirəm. 

- Təlim-məşq toplanışını ölkədaxilində keçirib, əvəzinə 1-2 oyunçu transfer etmək daha yaxşı olmazdı?
- Hazırlıq zamanında bəzi oyunlar keçiririk. Həmin görüşləri burada oynamağımız mümkün deyil. Çalışacağıq ki, bu toplanışdan faydalanaq.

- Qışdan sonra son pillədən qurtula biləcəksiz?
- Riyazi baxımdan götürsək, dördüncü pillədən cəmi altı xal geridəyik. Biz ikinci dövrəni hücumçusuz keçirmişik. Mirabdulla Abbasov zədəli oldu, alternativ variant olmadığına görə həmin mövqedə Ağabala Ramazanovdan istifadə etdik. Amma bu pillədən çıxacağımıza ümidliyik. "Sabah", "Qəbələ" də heyət baxımından bizdən üstündülər. Transferlərə ayrılacaq maliyyədən də çox şey asılı olacaq. Düzdür, qarşımıza avrokuboklara çıxmaq məqsədi qoyulmayıb. Sadəcə sona qədər mübarizə aparacağıq ki, son pillədən qurtulaq. 

- "Neftçi"də olarkən oyuna sonradan qoşularaq, qollarını vuran Mirabdulla Abbasov "Səbail"də “kölgəyə çəkilib”. Bunu nə ilə əlaqələndirərdiz?
- Mirabdullanın oyun praktikası azdır. Avroliqa matçları zamanı istədiyimiz formada olmasa da, getdikcə o artırmağa başlayıb. Birinci dövrədə yaxşı oynadı, üç qol da vurdu. Sonradan zədə almağı və toparlanmağına vaxt qalmadı. 

- Onu komandada saxlaya biləcəksiz, yoxsa "Neftçi"yə qayıdır?
- Heç bir futbolçunun getməyini istəmirəm. Çünki həmin mövqedə də təkcə Mirabdulladır. Əlimizdə başqa hücumçu da yoxdur ki, deyim onu istəmirəm. Buna görə də hər hansı futbolçunun getməsini arzulamırıq.