“Maraqlı oyun alındı. Bu gün futbolçular meydanda sonadək mübarizə apardılar”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVII turunda evdə “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Çalışdırıcı qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Matçın əvvəlində hər iki komanda həm müdafiədə, həm də hücumda çox diqqətli oynamağa üstünlük verirdi. Birinci hissədə gözləmədiyimiz anda qapımızda qol gördük. “Zirə”yə çempionatın ən intizamlı komandası desək, yanılmarıq. Onların müdafiəsini yarmaq bizim üçün çətin oldu. Amma oyunçuların hər iki hissədə qarşılaşmaya yanaşması, çəkinmədən topla oynaması bizi razı saldı”.
Hacıyevin sözlərinə görə, komandasının oyununda əvvəlki görüşlərlə müqayisədə inkişaf var: “Bunu nəticəyə çevirmək bizim üçün olduqca çətindir. Heyəti rəqiblərimizlə müqayisə edəndə ustalıq səviyyəsi açıq-aşkar hiss olunur. Rəqiblərin usta oyunçuları daha çoxdur. Amma bu gün futbolçular bunu meydanda hiss etdirməməyə çalışdılar. Futbolçulardan razı qaldım. Qısa müddətdə bərpa olunub, növbəti oyuna hazırlaşmalıyıq. “Zirə”ni təbrik edirəm, onlara uğurlar arzulayıram”.