“Menecerləri yaxşı tanımaq, əllərində hansı oyunçular olduğunu bilmək vacibdir. İndi hara baxırsan, futbol ölkəsidir. Niderlandın, Belçikanın aşağı liqalarında kifayət qədər keyfiyyətli oyunçular var. Cənubi Amerikanın gəncləri tramplin kimi, əvvəlcə ora gəlir”.
Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Ağasəlim Mircavadov deyib.
75 yaşlı mütəxəssis ölkəmizdə fəaliyyət göstərən futbol menecerlərinin işinə qiymət verib. Onun fikrincə, menecerin sabiq futbolçu olması ən önəmli faktordur: “Xarici klublarda, hətta MDB ölkələrində transfer şöbəsi olur. Bizim klublarda şöbə bir nəfərdən ibarətdir. Həmin bir nəfər də futbol oynamayan insandır. Menecerin keçmiş futbolçu olması çox önəmli və onun üçün müsbət amildir. Mən Bəxtiyar Musayevin adını çəkə bilərəm. Onun çox yüksək hissiyyatı var, kimə necə oyunçu lazım olduğunu yaxşı bilir. Amma nədənsə heç bir klub ondan istifadə eləmir”.
Mircavadov “Xəzər Lənkəran”da və “Neftçi”də bir yerdə çalışdığı Bəxtiyar Musayevlə bağlı müsbət fikirlər səsləndirib: “Mən məşqçi işləyəndə Bəxtiyarı mütləq kluba dəvət edirdim. Çünki futbolçuya ətraflı baxmaq bacarığı var idi. O vaxt futbolçulara baxmaq, danışıq aparmaq üçün 2-3 nəfəri San-Pauloya göndərmişdim. “Neftçi”nin hazırkı idman direktoru Zaur Əzizov da getmişdi. Gedib oradakı menecerlərlə görüşürdülər, necə oyunçu axtardıqlarını deyirdilər. Yaya hazırlıq görmək üçün qışdan bu prosesləri edirdik ki, istədiyimiz futbolçular mayda gəlsinlər, avrokubokların startına qədər kollektivə uyğunlaşsınlar. Yəni vaxt itirmirdik. Amma indi tərsinədir. Oyunçunu gətirib yoxlayırlar, iki həftədən sonra da avrokubokların təsnifat mərhələləri başlayır”.
AFFA Məşqçilər Komitəsinin üzvü hələ də Braziliyada əlaqələrinin olduğunu vurğulayıb: “San-Paulo” akademiyasının rəhbəri ilə münasibətim yaxşıdır. Vaxtilə Juninyo, Souza kimi oyunçuları onlardan gətirmişdim”.