“Buqrin bu mövsüm bütün oyunları eyni səviyyədə keçirmədi”.
Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov yarımmüdafiəçi Sabir Buqrinin komandadan ayrılmasına münasibət bildirərkən deyib.
Təcrübəli mütəxəssisin fikrincə, Tunisin “Esperans” klubuna keçən belçikalı oyunçunun “Neftçi”də narazı qaldığı hiss olunurdu: “Klubun daxilində olmadığım üçün səbəbini bilmirəm. Amma hiss olunur ki, nədənsə narazı idi. Ola bilər ki, maaşından, münasibətdən və ya başqa məsələdən razı deyildi. Tunisdə müsahibəsində deyib ki, peşəkar kluba gəldim. Bu sözün altında böyük məna var. Eşitdiyimə görə, Tunisə yaxşı maaşa gedib”.
Buqrin ən yüksək ödənişli oyunçulardan olmaq istəyi geri çevrildiyi üçün “Neftçi”ni tərk edib. Mircavadov bu məsələdə futbolçunu haqlı çıxarıb: “Bunu mən dəqiq bilmirəm. Amma komandada ən yüksək ödənişli oyunçulardan olmaq istəyibsə, buna haqqı da var”.
75 yaşlı məşqçi mövsümün əvvəlində bəzi oyunçuların “ağ-qaralar”ı məhz maliyyə məsələsinə görə tərk etdiyini vurğulayıb: “Namik Ələskərov, Anton Krivotsyuk niyə getdi? “Neftçi” Krivotsyuku 17 yaşından gətirib, üstəlik, Azərbaycan pasportu var. “Neftçi” onu bu neçə il Polşa üçün bəslədi? Özü də Anton müdafiənin mərkəzində də, cinahında da oynaya bilir və hər mövsüm 4-5 qol vururdu. Sadəcə, ona düzgün müdaxilə ilə top almağı öyrədə bilmədilər. Buna görə tez-tez sarı vərəqə alır. Bildiyim qədərilə Namik də, Anton da daha yüksək maaş istəyirdilər”.
“Neftçi”nin keçmiş çalışdırıcısı bu komandanın uğur qazanmasını arzulayır: “Neftçi”yə ürəyim yanır, çünki bu klubda oynamışam, işləmişəm. Təki yaxşı olsun. “Qarabağ” keyfiyyətli oyunçularla imicini qaldırdı. “Neftçi”nin də imicini saxlamaq lazımdır”.