Aleksandr Rıbka: “Maliyyə çətinlikləri yarandığından ordan ayrıldım” - MÜSAHİBƏ
07.01.2020 - 13:17
Aleksandr Rıbka: “Maliyyə çətinlikləri yarandığından ordan ayrıldım” - MÜSAHİBƏ

Bakının “Səbail” klubunun futbolçusu Aleksandr Rıbka Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, qolkiper Azərbaycan karyerası və gələcək planlarından danışıb.

- Azərbaycan “Səbail”ində keçirdiyiniz 2019-cu ili necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, zədələnməyim və bu səbəbdən payızda çox sayda oyun buraxmağıma baxmayaraq, ümumilikdə 2019-cu ili aktivimə yazmaq olar. Zədələr futbolçu karyerasının ayrılmaz hissəsidir. Belə mənfi məqamlar olur ki, onlardan sonra geri dönmək lazımdır. Ötən mövsümün ikinci yarısını müsbət qiymətləndirirəm. Mən komandaya gəldim, oynadım və biz 3-cü yeri tutaraq avrokuboklara vəsiqə qazandıq.

- Zədəniz nə dərəcədə ciddi idi?
- Əvvəllər belə zədəm olmayıb. Xaçvari bağları qırdım və altı aylıq sıradan çıxdım. Xoşbəxtlikdən bərpa prosesi uğurlu keçdi. Həkimlərin proqnozlaşdırdığı kimi bərpa olundum. Nəticədə ötən ilin sonunda 5 matçda – 3 çempionat və 2 kubok görüşündə oynaya bildim.

- Uğurlu alınan ötən mövsümdən sonra komanda hazırda çempionatda sonuncu – 8-ci yerdədir. Uğursuz nəticələrin səbəbi nədir?
- Ümid edirəm ki, biz yazda vəziyyəti düzəldəcəyik. Klub rəhbərliyi və məşqçilər korpusu niyə belə alındığını araşdıracaq. Biz hamımız nəticə çıxaracağıq. Qarşıda qış toplanışı var. Çalışacağıq ki oyunumuzu yaxşılaşdıraq.

- Komanda autsayderlər sırasına düşməyə layiqdir?
- Zədə səbəbindən kənardan baxdığım oyunlara əsasən mühakimə yürütsəm, yalnız 0:1 hesabı ilə uduzduğumuz “Qəbələ” ilə matçda aciz idik. Digər görüşlərdə üstünlüyümüz olub. Amma çox yersiz və kobud səhvlər komandaya lazım olan nəticə qazanmağa mane olub.

- Azərbaycanda çempionat indi hansı formatda keçirilir?
- Qarşıda iki dövrə qalıb. Amma Ukraynadakı kimi yazda qruplara bölünmək olmayacaq. Növbəti çempionatda komanda sayını 10 kluba qədər artırmaq istəyirlər.

- Çempionatın səviyyəsi layiqlidir?
- Düşünmürəm ki, onların çempionatını çox aşağı hesab etməyə dəyər. Əlbəttə, “Qarabağ”la rəqabət aparmaq çətindir. Bu komanda fərqlənir. Amma digərləri təxminən bərabərdir. Burda normal çempionat var. Komandalar legionerlərlə də komplektləşib.

- Sizin komandada ukraynalı İqor Korotetski də çıxış edir. Onun işləri necədir?
- O da ciddi zədə alıb. Hətta məndən də ağır. İqor 11 ay bərpa prosesi keçib və yaxınlarda heyətə dönməlidir.

- Bu yaxınlarda belə məlumat yayıldı ki, Ukraynaya qayıdıb “Olimpik”in oyunçusu olacaqsınız.
- Bu məlumatın haradan çıxdığını bilmirəm. Bundan sonra mənə Azərbaycandan, mənim klubumdan zəng oldu. Amma mənim də belə “keçid”lərdən xəbərim yoxdur.

- Gələcəyinizi Azərbaycanla bağlayırsınız?
- Bəli. 1,5 illik müqaviləm var. Hələlik hər şey məni qane edir. Ümid edirəm ki, hər şey sabit olacaq və karyeramı davam etdirmək üçün klub axtarmalı olmayacağam.

- Ukrayna çempionatını izləmək istəyiniz var?
- Əlbəttə. Amma “Dinamo”nun çıxışına şərh verməyəcəyəm. Düşünürəm ki, futbolçular və məşqçilər özləri kollektivdə bir qərara gəlib nəticələri yaxşılaşdıracaqlar. Qarşıda qış toplanışı var və mən komandaya yalnız uğurlar arzulaya bilərəm.

- Ukrayna yığması AVRO-2020-nin seçmə mərhələsində sizi təəccübləndirdi?
- Düşünürəm ki, təkcə məni təəccübləndirmədi. Futbolçulara “əhsən” deyirəm. Hər qarşılaşmada vuruşdular, yaxşı səviyyədə oyun göstərdilər. Avropa çempionatında da ukraynalılar bu səviyyədə oynayarlar.

- Azərbaycandan əvvəl Türkiyənin 1-ci liqa təmsilçi “Afiyet”də oynadınız. Bu dövrü necə xatırlayırsınız?
- Türkiyədə 1-ci liqa çox yaxşı səviyyədədir. Əvvəl şübhələrim var idi deyə məlumat topladım. Sonra əmin oldum ki, səhv etməmişəm. 1-ci liqa matçları televiziya ilə yayımlanır. Bütün komandaların stadionları var, azarkeşlər, tribunalarda yaxşı ab-hava hökm sürür. Lakin sonradan klubda maliyyə çətinlikləri yarandığından ordan ayrılmalı oldum.

- Məhkəmədə mübarizə apardığınız “Karabükspor” sizə çatmalı olan pulu verdi?
- Məhkəmədə qalib gəldim. Amma pulu ala biləcəyim bilinmir. Şayiələrə əsasən, klubun sabiq prezidenti həbs olunub və komanda 3-cü liqaya düşüb.

- Türkiyəyə daha getməzsiniz?
- Onlarda klublar təhlükəlidirlər. Bu gün istəyirlər, pul ödəyirlər. Sabah istəmirlər və ödəmirlər.