Aleksandre Kriştavao: “Keşlə”də hər şeyin yaxşı olacağına inanıram" - MÜSAHİBƏ
22.01.2020 - 14:31
Aleksandre Kriştavao: “Keşlə”də hər şeyin yaxşı olacağına inanıram" - MÜSAHİBƏ

"Keşlə"nin anqolalı yeni transferi Aleksandre Kriştavaonun apasport.az saytına müsahibəsi

- "Keşlə"yə necə alındı?
- Təxminən iki gündür ki, komandadayam. Yaxşı kollektivlə anlaşdığımı düşünürəm. Komandamızın iddiaları var. Hazırda da turnir cədvəlinin üçüncü pilləsindəyik. Bu cür də davam etmək lazımdır. Hədəfimiz uğrunda mübarizə aparacağıq. 

- Mövsümün əvvəlində də baxışa gəlmişdiniz, amma deyəsən bəyənilməmişdiniz. O vaxtı keçidinizin baş tutmamasının səbəbi nə idi?
- Yayda burada qalmamaq qərarı vermişdim. Daha sonra menecerimlə əlaqə saxladım və o da bir neçə həftə əvvəl mənə yazdı. "Keşlə"nin maraqlandığını bildirdi və mən də gəlmək qərarı verdim.

- Necə düşünürsünüz, "Keşlə" avrokuboklara vəsiqə qazana biləcək?
- Yaxşı komandaya gəldiyimi bilirəm. Bu kluba inanıram. Hər şeyin mənin üçün yaxşı olacağına inanıram. Hər həftə yaxşı oynamaq, hər oyundan üç xalla ayrılmaq fikrindəyik. "Keşlə" ilə Avropa Liqasına yollanmaq istəyirəm.

- Mirça Redniklə "Dinamo"da çalışmısınız. O, Azərbaycanda da işləyib. Burada oynayacağınızdan xəbəri var idi?
- Mirça Redniklə altı ay yaxşı vaxt keçirdik. O, çox yaxşı məşqçidir. Altı ay sonra komandadan ayrıldı. Mənim də oradakı işlərim yaxşı getmədi və müqaviləni ləğv etmək qərarına gəldik. Hər halda, onunla işləmək yaxşı təcrübə idi. Azərbaycana gəlməmişdən onunla heç bir kontakt qurmadım.

- Komandaya adaptasiya olmaq çətin olmayacaq ki?
- Kollektivdə yaxşı atmosfer var, yaxşı futbolçularla oynayıram. Düşünürəm ki, bura tez adaptasiya olacam. "Keşlə" fərqli futbol fəlsəfəsinə malik komandadır. Adaptasiya olduqdan sonra hər şey yaxşı keçəcək.

- Komandanın əsas hücumçusu Lorenzo Frutos bombardilər siyahısında yer alıb. Onunla rəqabətdə əsas heyətə düşə biləcəksiniz?
- Mən bura oynamağa gəlmişəm. Hər həftə meydanda olmaq, oynamaq istəyirəm. Lorenzo Frutosla isti münasibətlərim var. Mənim üçün hər şey yaxşıdır.

- Son dəfə Səudiyyə Ərəbistanında I divizionda "Əl-Muyazzal" klubunda oynamısınız. Nəyə görə oradakı karyeranız uğursuz alındı?
- Bunu deyə bilmərəm. Orada hər şey fərqli idi. Məşqə adaptasiya ola bilmədim. Baş məşqçiylə də lazımı dərəcədə anlaşmadıq. Özümü orada yaxşı hiss etmirdim.
 

0
Aleksandre Kriştavao Keşlə anqolalı hücumçu