Aleksey Baqanın “Sumqayıt”a gətirilmə SƏBƏBİ
27.02.2022 - 13:27
Aleksey Baqanın “Sumqayıt”a gətirilmə SƏBƏBİ

Aleksey Baqanın “Sumqayıt”a gəlişinin əsl səbəbi müəyyənləşib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, belaruslu mütəxəssis tezliklə Azərbaycan yığmasının sükanı arxasına keçəcək.

Ancaq proqnozlaşdırılan kimi, əsas deyil, U-21 yığmasının. Qış fasiləsində “gənclik şəhəri” təmsilçisində Ayxan Abbasovu əvəzləyən 41 yaşlı mütəxəssisin mövsümün sonunda gənclərdən ibarət yığmanı çalışdırması planlaşdırılır.

U-21-in hazırkı baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti AVRO-2023-ün seçmə mərhələsinin sonuna qədərdir və iyunun 14-də keçiriləcək son matçın ardından onunla yollar ayrılacaq. Həmin vaxt onu məhz Baqanın əvəzləməsi gözlənilir. “Sumqayıt”ın yeni çalışdırıcısının klubla uzunmüddətli müqavilə imzalaması onun eyni anda “kimyaçılar”da işləyəcəyinin də xəbərçisidir.

Qeyd edək ki, Aleksey Baqanın “Sumqayıt”la sözləşməsi 2024-cü ilin yayına qədərdir.