Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Baniyas” klubunda debüt edib.
Apasport.az saytının məlumatına görə, milliləşən braziliyalının debütü ölkə çempionatının yüksək dəstəsinin - Ərəb Körfəz Liqasının XIII turunda gerçəkləşib.
“Əl-Nəsr”lə səfərdəki qarşılaşmaya start heyətində çıxan 31 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. Buna cənubi amerikalının zədələnməsi səbəb olub.
R.Almeydanın komandası 90-cı dəqiqədə vurulan qolla rəqib meydanında 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 13 oyundan sonra xal hesabını 14-ə çatdıran “Baniyas” 14 komanda arasında 9-cu pillədə qərarlaşıb. R.Almeydanın komandası növbəti matçını yanvarın 28-də səfərdə turnir cədvəlindəki qonşusu “Ajman”a qarşı keçirəcək.