“Qəbələ”nin kapitanı Asif Məmmədovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XIX turunda “Zirə” ilə iki gün ərzində keçirilən oyunda qolsuz bərabərə qaldınız. Hər iki baş məşqçi 0:0-ı ədalətli nəticə saydı. Bu fikirlə razısız, yoxsa 2 xal itirdiyinizi düşünürsüz?
- Məncə, bazar günkü matçda qar yağmasaydı, daha yaxşı oynayardıq. Çünki yaxşı formada idik, oyuna da ciddi hazırlaşmışdıq. Dünənki 25 dəqiqəyə isə hazırlaşmaq istər-istəməz çətin idi. Nə qədər iddialı olsan da, baş verənlər adamda ruh düşkünlüyü yaradır. Buna baxmayaraq, hər iki komanda çox yaxşı mübarizə apardı. Deyərdim ki, hər iki tərəfin əziyyəti puç olmadı. Heç-heçəni mən də ədalətli nəticə hesab edirəm. Çünki futbolçular çox əziyyət çəkdilər, bir qol buraxan komanda böyük məyusluq yaşayacaqdı. 65 dəqiqə oyna, daha bir gün qal, sonra çıxıb 25 dəqiqəni keçir... Belə matçda uduzan komanda “sına” bilərdi ki, bu da növbəti turlara ciddi təsir göstərərdi.
- Ardıcıl “Qarabağ” və “Zirə” ilə çətin oyunlarınız oldu, üstəlik, ikincilərlə görüşü iki gün ərzində keçirdiniz. Bütün bunlar “Neftçi” ilə qarşıdakı tur matçına hazırlıqda mənfi təsir göstərməz?
- Təbii ki, bizim üçün ağır olacaq. Amma hazırlaşmaqdan başqa yolumuz yoxdur. “Ağır olacaq” deyib, əlimizi aşağı salmalı deyilik. Beynimizi belə şeyə yükləməməliyik. Pozitiv düşünməli, yalnız matça hazırlaşmalıyıq.
- Çempionatın ilk “dördlüy”ü ilə ikinci “dördlüy”ü arasında ciddi fərq yaranıb. Bu mövsüm rəqabətin əvvəlkindən aşağı olduğunu düşünmək olarmı? Çünki avrokuboklara vəsiqə qazanan komandalar böyük ölçüdə məlumdur...
- Bu fikirlə razı deyiləm. Avrokuboklara kimlərin gedəcəyini hələ dəqiq demək olmaz. Çünki qarşıda 9 tur var və çox şey dəyişə bilər. Məncə, 9 turda 10-12 xallıq fərqi aradan qaldırmaq möcüzə deyil. Yuxarı pillələrdə bəzi komandaların bir-birilərinə qarşı iki oyunu olacaq. Bu üzdən istənilən komanda onlara gəlib çata bilər.
- Bu mövsüm Azərbaycan Premyer Liqasında qol vuran ən yaşlı futbolçu sizsiniz. Bu statistika artıq qocaldığınızı göstərir, yoxsa özünüzü hələ yaşlı hiss etmirsiz?
- Deyəsən, meydan oyunçularından çempionatın ən yaşlısı da mənəm. Əgər çempionatın 15 oyununda 90 dəqiqə meydanda olmuşamsa, mənə “qoca” demək olar, ya yox? Çempionatın ən yaşlı qolçusu adını daşımaq məni sevindirir. Bu yaşda oynamaq özü də qürurvericidir. Yaşım çox görünə bilər. Amma özümü veteran kimi hiss etmirəm. Deməzdim ki, 25 yaşlı kimi hiss edirəm. Pis olduğumu demirəm.
- Mövsümün əvvəlində milli komandaya çağırılmağınız müzakirə mövzusu olsa da, artıq 36 yaşınız var. Karyeranızı nə zaman bitirəcəyinizi müəyyənləşdirə bilmisiz?
- Açığı, milliyə çağırılmağımı istəmirəm. Cavan futbolçular var, onlara şans verilsə, daha yaxşı olar. Gedib orada kiminsə yerini tutmaq istəmirəm. Ondansa elə “Qəbələ”dən bir cavan oyunçu çağırsınlar. Çünki məni uzağı bir toplanışa çağırarlar. Yaşla əlaqədar ondan sonrasını bilmək olmaz. O ki qaldı karyeramı nə zaman bitirəcəyimə, bu barədə hələ fikirləşmirəm. Zədə olmasa, özümü rahat hiss etsəm, davam edəcəyəm. Mövsümün sonunda elə bir şey olar ki, karyeramı bitirə bilərəm. Amma indi bunu düşünmürəm. Bundan sonra hələ 1-2 il də oynamaq istəyirəm.
Ruslan Sadıqov