Aslan Kərimov: “Kloppu da gətirsək, böyük nəticələr haqda fikirləşmək ağılsızlıqdır” - MÜSAHİBƏ
15.12.2019 - 00:00
Aslan Kərimov: “Kloppu da gətirsək, böyük nəticələr haqda fikirləşmək ağılsızlıqdır” - MÜSAHİBƏ

Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimovun apasport.az saytına müsahibəsi 

- “Qarabağ” Avropa Liqasındakı çıxışını başa vurdu. Son turda Lüksemburqun “Düdelanj” klubuna qarşı keçirilən oyunda ağdamlıların qalib gələ bilməməsini nə ilə əlaqələndirdiz?
- Psixoloji təzyiq, qrupdan çıxa bilməmələri sözsüz ki, bu oyuna öz təsirini göstərdi. Həqiqətən də, oyunçuları “Düdelanj”la görüşə motivasiya etmək çox çətin idi. İkinci yarının əvvəlində “Qarabağ”ın meydanda azlıqda qalması da qələbə qazanmalarına mane oldu. İstənilən halda, qələbə və ya bir xal heç nəyi dəyişəsi deyildi. “Qarabağ”ın bu oyuna psixoloji olaraq hazır çıxa bilməmələrini normal hesab edirəm. 

- Oyun həlledici olsaydı, həm atmosfer, həm də “Qarabağ”ın oyunu fərqli alınardı?
- Əlbəttə ki, həlledici xarakter daşısaydı, “Qarabağ”ın oyunçuları psixoloji baxımdan daha hazır olacaqdılar. Əgər “Qarabağ” “Düdelanj”a səfərdə dörd qol vura bilmişdisə, Bakıda da lüksemburqluları rahatlıqla məğlub edəcəkdi. Sadəcə, bu oyunun motivasiyasız olması qarşılaşmanın nəticəsinə də təsir etdi.

- “Qarabağ”ın “Düdelanj”la görüşdə özünə oxşamamasının səbəbləri məhz bunlardır?
- Dediyim kimi motivasiyanın olmaması özünü göstərdi. “Qarabağ”ın “Düdelanj”la oyuna bir az başqa heyətlə çıxması sözsüz ki, qələbəyə maneçilik törətdi. Əsas səbəb oyunun motivasiyasız olması idi. APOEL-ə uduzduqdan sonra artıq nəsə demək, futbolçuları bu oyuna kökləmək asan deyildi. Texniki heyət də oyunçuları bu görüşə hazırlamağın öhdəsindən gələ bilmədi. Çünki bu çox çətin idi.

- Azərbaycan çempionunun belə asan qrupdan çıxa bilməməsini nə ilə izah edərdiz?
- APOEL ikili oyunlarda “Qarabağ”ı üstələyə bildi. Azərbaycan çempionuna qarşı ikinci nömrə ilə çıxış etdilər, əks-hücumlarda oynadılar, təmsilçimizə çox qol imkanı verdilər, amma istədikləri nəticəni əldə edə bildilərsə, demək ki, ikinci pilləni haqlı olaraq götürdülər. “Qarabağ”ın qrupdan çıxmamasının səbəbi nədir? Bunu hücumda çıxış edən futbolçuların kifayət qədər özünü yaxşı göstərə bilməməsi, yaxşı oyunçu “çıxmamasıdır” deyərdim. “Qarabağ”ın əsl qoleadora ehtiyacı var idi. Tip olaraq Maqaye Qeyeni seçmişdilər ki, hücumda mübarizə aparsın, top saxlasın. Lakin o hazır deyildi, komandaya uyğunlaşa bilmədi. Müxtəlif səbəblər də ola bilər. Hər halda, açıq-aşkar deyə bilərik ki, Qeye özünü yaxşı tərəfdən göstərə bilmədi. Düzdür, “Düdelanj”a qol vurdu. Amma APOEL-lə oyunlarda fərqlənməsi lazım idi. Məhz APOEL-lə görüşlərdə özünü göstərə bilmədi. “Qarabağ”ın hücumçu transferi özünü doğrultmadı. Onlar kifayət qədər qol imkanları da yaradırdı, məhz qol vuran oyunçuya ehtiyac var idi. Belə forvardın olmaması, zədəlilərin sayının çox olması komandanın tam heyətlə oynaya bilməməsinə gətirib çıxardı. Xüsusilə də, APOEL-lə görüşlərdə “Qarabağ”ın tam heyətlə oynaya bilməməsi potensiallarını ortaya qoymağa mane oldu.
  
- “Qarabağ”ın nə vaxtsa bu cür münasib qrupa düşəcəyinə, yaxud növbəti dəfə yenə qrupa düşəcəyinə inanırsınız?
- Onların potensialı elədir ki, pley-off mərhələsinə qədər rəqibləri elə də güclü olmur. Ustalıq səviyyəsinə görə rəqiblərini qabaqlayırlar. Nadir hallarda qrup mərhələsinə kimi olan mərhələdə çətin rəqib düşür. “Qarabağ”ın növbəti ildə də qruplarda oynayacağına şübhəm yoxdur. Amma bu cür rəqiblər düşəcək, ya yox, onu bilmirəm. Düşə də bilər, düşməyə də bilər. Məncə, məhz bu cür rəqiblər olmayacaq, daha güclüləri olacaq. Bu cür rəqiblərin düşmək şansı 30 faizdir. Amma 70 faiz düşünürəm ki, daha ağır rəqiblər düşəcək. “Qarabağ” həm APOEL, həm də “Düdelanj”dan üstün görünürdü, hər ikisini məğlub edə bilərdi. 

- Hiss olunur ki, komandada dəyişikliklərə, yeni qana ehtiyac var. Siz necə düşünürsüz?
- Düşünmürəm ki, köklü dəyişikliklərə ehtiyac olsun. Çünki komandanın özəyi var və oyunçular bir-birilərini bir baxışla başa düşürlər. Köklü dəyişikliklər olsa, ümumiyyətlə çıxış edə bilməzlər. Hansısa oyun üslubunu oturtmaq üçün vaxta ehtiyac var. Qurban Qurbanov futbolçuların çoxunu dəyişdirəsi olsa, ən azından 2-3 mövsüm uğursuzluqlar olacaq. Necə ki, “Qarabağ”a gəldiyi ilk mövsümlər heç də ilk pillələr uğrunda mübarizə apara bilmirdilər. Komandanı oturtmaq üçün uzunmüddətli vaxt lazımdır. Ancaq yeni transferlərə ehtiyac var. Ən azından 2 transferə ehtiyac var. Biri hücumçudur ki, komandanı çətin durumdan çıxara bilsin. Mərkəz müdafiəçisi də lazımdır. Çünki Rəşad Sadıqovun yeni mövsümdən tam gücü ilə bütün matçlarda oynaya biləcəyini düşünmürəm. Oyuna başlaya bilən, hava toplarında özünü yaxşı göstərən mərkəz müdafiəçisinə ehtiyac var. Mənə görə “Qarabağ” üçün iki transfer mütləqdir.

- Hər halda, “Qarabağ” avrokuboklardakı çıxışını başa vurduqdan sonra bütün fikrini daxili oyunlara yönəldəcək. Demək mümkündür ki, qışdan sonra rəqiblər üçün daha da çətin olacaq?
- “Qarabağ”lılar təvazökarlıq edirlər və deyirlər ki, bütün rəqiblərə qarşı oynamaq bizim üçün çətin oldu. Bərabərə qaldıqları oyunlarda da inandırım sizi, “Qarabağ” elə-belə yanaşır, çünki onlar bütün rəqiblərindən açıq-aşkar üstündür. İkinci pillədə qərarlaşan “Neftçi” belə “Qarabağ”la rəqabət aparacaq gücdə deyil. Hansısa görüşdə “Qarabağ”ı məğlub edə bilərlər. Amma “Qarabağ” tam heyətlə oynayası olsa, heç kimin şansı yoxdur və onlar çempionatı rahat şəkildə birinciliklə bitirəcəklər. Daxili çempionatda böyük rotasiyalar etsələr belə, yerli futbolçular oynasa belə “Qarabağ” çempionluğu əldən verməyəcək.

- Azərbaycan millisinin baş məşqçi ilə də müqavilə uzadılmadı. Nikola Yurçeviçin istefaya göndərilməsini necə şərh edərdiz?
- Müqavilədən xəbərsizəm. Bilmirəm, Yurçeviçlə müqavilə bağlayanda rəhbərliklə danışığın nəticəsi necə olub. Onun qarşısına hansısa məqsədlər qoyulubsa və onlar yerinə yetirilmirsə istər-istəməz müqaviləni ləğv etmək məcburiyyətində qalırsan. Detalları bilmədiyimə görə bir söz demək çətindir. Xorvatiyalı mütəxəssisin işini qiymətləndirəsi olsaq, işlədiyi dövrdə milliyə bir çox yeniliklər gətirdi. Ən azından bütün oyunlarda qol vurduq, imkanlar yarada bildik. Bütün matçlarda uduzduq, cəmi bir xal topladıq ki, nəticə olaraq da yaxşı deyil. Məncə, millimiz Yurçeviçdən də bir çox şeylərdə faydalana bildi. 

- Milli komandaya Robert Prosineçkinin qayıdacağı ehtimal edilir. Sizcə, xorvatiyalı mütəxəssisin qayıdışı millimizə nəsə verə bilər?
- Bu haqda daha çox mediada danışılır. Məsələyə iki tərəfdən baxmaq lazımdır. Əgər lazım idisə, niyə göndərildi? Yenidən qaytarmağın nə dərəcədə doğru olduğunu da bilmirəm. Artıq millimizi yaxşı tanıyır. Əslində, Prosineçkinin dönüşü heç də pis olmazdı. Amma yerli məşqçilərdən birinin millimizə baş məşqçi təyin edilməsini istəyərdim. Xaricdən hansısa məşqçinin böyük məbləğə gətirilməsinin tərəfdarı deyiləm. Çünki dəyişdirəcəyi çox da şeylər yoxdur. Reallığa baxsaq, yığmamızla böyük uğurlar qazanmaq çətin məsələdir. Bəlli səbəbləri var. Oyunçularımızın xaricdə oynamaması, daxili çempionatımızın rəqabətsiz olması, 8 komandalı liqanın olması ilə millimizi gücləndirmək çətin məsələdir. Yurgen Kloppu da gətirsək, böyük nəticələr haqda fikirləşmək ağılsızlıqdır. Çünki köklü dəyişiklər edilməlidir. Futbolçularımız xaricdə oynamalıdır ki, millimiz üst səviyyəyə qalxsın. Daxili çempionatımızın səviyyəsi Avropada nəticə əldə etmək üçün kifayət deyil. Böyük pullar verib məşqçi gətirməkdənsə, gənc və böyük pula yox, amma özünü sübut etməyə çalışan yaxşı xarici mütəxəssisi dəvət etmək olar. Onsuz da normal qrupdan çıxmaq şanslarımız çox azdır. Demək olar ki, mümkünsüzdür. Millidə məşqçi kimi üst səviyyədə işləsən belə, oyunçu materialın yoxdursa, mümkün olan şey deyil. Bu halda da məşqçiyə böyük pullar xərcləmək marketinq baxımından doğru addım deyil. Bu, şəxsən mənim fikrimdir. Nə qərar verəcəklərini deyə bilmərəm.