Avropa birinciliyində növbəti medal
11.12.2019 - 12:33
Avropa birinciliyində növbəti medal

Azərbaycan millisi İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində daha bir medal qazanıb. 

Apasport.az saytının məlumatına görə, bu dəfə Rahilə Hüseynova (76 kq) fəxri kürsüyə yüksəlib. 

Yaşı 15-ə qədər olan atletlərdə arasında mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub. Rahilə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 97 kq-ın öhdəsindən gələrək bu hərəkətdə Avropa birinciliyinin “kiçik gümüş” mükafatçısı olub.

O, toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, komandamızın heyətində daha öncə Elşən Məmmədov (61 kq) çempion tituluna, Nurlan Məmmədzadə (73 kq) ikinci yerə sahib olub. Rüstəm Qasımov (67 kq) isə təkanla qaldırmada “kiçik bürünc” qazanıb.