Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizə aparan dörd komanda öz ölkəsində fərqli nəticələr göstərir.
Apasport.az saytının məlumatına görə, yalnız “Mançester Siti” İngiltərədə çempionluğa çox yaxındır.
Digər üç komanda isə qeyri-sabit mövsüm keçirir. Çempionluq şansını qoruyan “Real”la PSJ heç də ideal nəticələr göstərmir. “Çelsi” isə ümumiyyətlə liderlərdən uzaqda yer alıb.
Bəzən “öz ölkəsində yaxşı olmayan Avropada necə yaxşı olsun” sualı yaransa da, qitə miqyaslı turnirlərdə bunun əksi dəfələrlə yaşanıb. Daxili arenada uğursuz çıxış edib Avropada “at oynadan” “10-luğ”u təqdim edirik:
1. “Real” – 1955/56
Çempionlar Liqasının sələfi sayılan Çempionlar kubokunun ilk qalibi La Liqada uğursuz olub. Yalnız 3-cü yeri tutan madridlilər “Atletik”dən 10, “Barselona”dan 9 xal geri qalıb.
2. “Ayntraxt” – 1979/80
UEFA kubokunun yarımfinalında “Bavariya”, finalında Mönhenqladbax “Borussiya”sını yenən Frankfurt klubu Bundesliqada 9-cu yeri tutub. “Ayntraxt” çempion olan “Bavariya”dan 18 xal geri qalıb.
3. “Tottenhem” – 1983/84
London klubu Premyer Liqada 8-ci yeri tutub. UEFA kubokunun qalibi yalnız avrokubokdakı uğuru ilə təsəlli tapıb.
4. “İnter” – 1993/94
Milan təmsilçisi tarixində tərk etmədiyi A seriyasında güc-bəla ilə qalıb. Aşağı liqaya düşməkdən 1 xalın ayırdığı komanda UEFA kubokunu muzeyinə aparıb.
5. “Şalke” – 1996/97
Bundesliqada azarkeşlərini üzən helzenkirhenlilər 12-ci yeri tutaraq çempion “Bavariya”dan 28 xal geri qalıb. Amma klub tarixində yeganə UEFA kubokunu həmin il qazanıb.
6. “Real” – 1997/98
Madrid klubu Avropadakı parlaq oyunu fonunda daxili arenada azarkeşlərini üzməkdə adətkardır. 23 il öncə Çempionlar Liqasını başı üzərinə qaldıran komanda La Liqada “Barselona”dan 11 xal geri qalaraq yalnız 4-cü olub.
7. “Real” – 1999/00
“Real”dan növbəti təzadlı mövsüm. Avropada rəqib tanımayan “Kral klubu” La Liqada yalnız 5-ci yeri tutub.
8. “Liverpul” – 2004/05
Premyer Liqanın 5-cisi Avropada tarixi finalın iştirakçısı olub. “Milan”la görüşdə 0:3-dən geridönüş Rafael Benitesin komandasına Çempionlar Liqası qazandırıb.
9. “Milan” – 2006/07
Çempionlar Liqasının finalında “Liverpul”dan qisasını alan milanlılar 2:1 hesabı ilə qələbə qazanıb. A seriyasında isə həmşəhərliləri “İnter”dən 36 xal geri qalmaq fiaskodan başqa bir şey deyildi.
10. “Çelsi” – 2011/12
Son 10 ildə ən uğursuz nəticəsinə üzülən londonlular Premyer Liqada 6-cı olmaqla çempiondan 25 xal geri qalıb. Uğursuz mövsümün gedişində baş məşqçi əvəzi qoyulan Roberto di Matteonun yetirmələri isə Çempionlar Liqasında Avropaya meydan oxumağı bacarıb.