2020/21 mövsümünü uğursuz nəticə ilə tamamlamağa hazırlaşan “Qəbələ” yayda heyətində dəyişikliklərə əl atacaq.
Apasport.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin yollarını ayıracağı ilk əcnəbi futbolçu artıq müəyyənləşib.
“Qırmızı-qaralar” aparıcı oyunçularından olan Nikolas Raysellə vidalaşacaq. “Keşlə” ilə mayın 19-dakı matç fransalı yarımmüdafiəçinin “Qəbələ” formasında son görüşü olacaq. Onun klubla müqavilə müddəti başa çatır və rəhbərlik yüksək məvacib səbəbindən Raysellə yeni sözləşmə imzalaya bilmir.
Hücumameyilli oyunçu qalmaq istəyirsə, maaşında ciddi şəkildə endirimə getməlidir. Ancaq bir neçə təklifi olduğundan, buna razılıq verməyib. 28 yaşlı futbolçunun Azərbaycandan da təklifi var, lakin o, böyük ehtimalla ölkəmizi tərk edəcək.
Qeyd edək ki, Nikolas Raysel “Qəbələ”yə ötən ilin əvvəlində Belçikanın “Ostende” klubundan keçib.