Azərbaycan çempionatları tarixinin rekordu təkrarlana bilər
20.04.2022 - 13:04
Azərbaycan çempionatları tarixinin rekordu təkrarlana bilər

“Qarabağ” Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlamağa yaxındır.

Apasport.az saytının məlumatına görə, bunun üçün Qurban Qurbanovun yetirmələri bu həftə keçiriləcək XXIV turda Azərbaycan Premyer Liqasının çempionluğunu təmin etməlidir.

Bu, yarışın tarixində ən erkən çempionluğun təkrarı olacaq. 1992-ci ildən təşkil olunan yarışda qalib ən yaxşı halda sona 4 tur qalmış qızıl medalları təmin edib.

İndiyədək belə hadisə iki dəfə yaşanıb. 2015/16 və 2017/18 mövsümlərində də erkən zəfərin müəllifi Qurbanovun komandası olub. Onlar öncə 36 turluq mövsümün 32-ci tutunda qızıla sahib çıxıb. Rekord təkrarlandıqda isə indiki kimi 28 turluq mövsümün son 4 turu çempionluq baxımından formal olub.

Ümumiyyətlə, əvvəlki 29 mövsümdən 28-də çempion müəyyənləşib. Bunlardan 13-də qalib öncədən bəlli olub. 11 dəfə qızıl medalın sahibi son turda, 2 dəfə “Qızıl oyun”da, 1 dəfə pley-off sistemli yarışın finalında, 1 dəfə isə koronavirus üzündən yarımçıq qalan mövsümlə bağlı sonradan qərar verildikdə bəlli olub.