Ağdamın “Qarabağ” klubu qara zolağa düşüb.
Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu 5 oyundur qələbə üzünə həsrətdir.
Oktyabrın 28-də “Səbail” üzərində 1:0 hesablı qələbə qazanan əyalət təmsilçisi bir aydan çoxdur qalib gəlməyi bacarmır. Noyabrın 1-də “Neftçi” (0:0), 10-da “Zirə” (1:1), 22-də “Sumqayıt”la (1:2) Premyer Liqa matçlarına çıxan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında 2 məğlubiyyət alıb. Təmsilçimiz ayın 7-də Kiprdə APOEL-ə 1:2, dünən İspaniyada “Sevilya”ya 0:2 hesabı ilə uduzub.
Ağdam klubunun daha bir uğursuz nəticəsi ardıcıl iki məğlubiyyət almasıdır. 7 gün ərzində əvvəl “Sumqayıt”a, sonra “Sevilya”ya uduzan “Qarabağ” belə uğursuz seriyaya bir ildən sonra imza atıb.
“Qarabağ”ın həm 5 oyunluq qələbəsizlik seriyası, həm də ardıcıl iki məğlubiyyətinə sonuncu dəfə 2018-ci ilin oktyabrında təsadüf olunub. Həmin vaxt ağdamlılar texniki nəticəni saymaqla 4, saymamaqla 3 oyunda ardıcıl məğlubiyyət alıb. “Arsenal”a 0:3, “Vorskla”ya 0:1, “Neftçi”yə 1:3 hesabı ilə yenilən çempionu iki avrokubok görüşünün arasında “Səbail”ə texniki nəticə ilə uduzub. Bu görüşlərdən sonra isə “Keşlə”ylə bərabərlik (1:1) qələbəsizliyi 5-ə çatdırıb.
Qeyd edək ki, son 8 oyunda (üçü Avropa Liqası, beşi Premyer Liqa) cəmi 1 qələbəsi olan komanda 4 heç-heçə edib və 3 dəfə məğlubiyyət alıb.