Azərbaycan futboluna “yaşıl işıq” – 26 il öncə
28.04.2020 - 10:03
Azərbaycan futboluna “yaşıl işıq” – 26 il öncə

Azərbaycan futbolunun beynəlxalq arenaya çıxmasından 26 il keçir.

Apasport.az saytının məlumatına görə, AFFA 1994-cü il aprelin 28-də UEFA-ya üzv qəbul olunub.

Qurumun Avstriyanın paytaxtı Vyanada keçirilən XXII Konqresi Azərbaycan futbolunun beynəlxalq arenaya çıxışına “yaşıl işıq” yandırıb. Bundan iki ay sonra isə FİFA-da ölkəmizi sıralarına qəbul edib.

Düzdür, hələ bu təşkilatlara üzv olunmadan da yığmamız beynəlxalq matçlar keçirib, futbolumuz müstəqillikdə ilk addımlarını atıb. Lakin dünya futbol ailəsinə qoşulmazdan öncə baş verənlər beynəlxalq miqyasda tanınmayıb.

Daha bir məqam maraqlıdır ki, əksər mənbələr AFFA-nın aprelin 28-də deyil, mayda UEFA-ya üzv olduğunu iddia edir. Vyanadakı XXII Konqresin də mayda baş tutduğu bildirilir.

Lakin UEFA-nın rəsmi saytında həmin tədbirin aprelin 28-də təşkil olunduğu yer alıb. Görünür, bu, onlayn medianın demək olar olmaması, Azərbaycan idman mətbuatının yeni formalaşmağa başlaması ilə bağlıdır. Yəqin ki, ölkəmizin UEFA-ya üzvlüyə götürülməsi Vyanaya yollanan AFFA nümayəndələrinin vətənə dönməsi, mətbuata açıqlama verməsindən sonra bilinib. Bu isə tədbirdən bir neçə gün sonra gerçəkləşib. Yalnız mayda UEFA üzvlüyümüz bəlli olduğundan Konqresin tarixi də bəzi yerlərdə həmin vaxt kimi göstərilir.
 

0