Samir Abasov Azərbaycan futbolu tarixinə həm oyunçu, həm də baş məşqçi kimi çempion olan 3-cü mütəxəssis kimi düşüb.
Apasport.az saytının məlumatına görə, “Neftçi”nin baş məşqçisi bu vəzifədə ilk belə uğurunu qazanıb.
43 yaşlı mütəxəssis üçün bu, ümumilikdə 4-cü qızıl medaldır. O, üç dəfə futbolçu kimi belə uğur əldə edib.
Maraqlıdır ki, Abasovun oyunçu kimi çempionluğu da məhz “Neftçi”də olub. O, 2003/04 mövsümündə flaqmanın, 2007/08 və 2009/10 mövsümlərində “İnter”in (indiki “Keşlə”) futbolçusu kimi fərqlənib.
Abasova qədər analoji nailiyyətə iki nəfər imza atıb. Bunu bacaran ilk mütəxəssis Arif Əsədov olub. O, 1992 və 1995/96 mövsümlərində heyətində çempion olduğu “Neftçi”ni 2010/11 mövsümündə baş məşqçi kimi zəfərə daşıyıb.
Əsədovun uğurunu sonradan Qurban Qurbanov təkrarlayıb. 1993/94 mövsümündə “Turan” 2003/04 və 2004/05 mövsümlərində “Neftçi”nin hücum xəttində yer alan forvard 2013/14 mövsümündən başlayaraq baş məşqçisi olduğu “Qarabağ”la ardıcıl 7 qızıl medal qazanıb. Onun çempionluq seriyasını məhz Abasov qırıb.
O da maraqlıdır ki, Abasovun karyerasında, Qurbanovun isə “Neftçi”də ilk çempionluğu birgə oynadıqları 2003/04 mövsümünə təsadüf edib.