
"Hazırlıqlarımız davam edir. Belə qərara gəldik ki, Avstriyada qalam. Komandamı dəyişməyəcəm, Klaqenfurt klubunda oynayacam".
Bunu apasport.az saytına Azərbaycan yığmasının (U-21) futbolçusu Barış Ekincier deyib.
Müqavilə ilə "Bohum"a (Almaniya) məxsus olan, lakin icarə əsasında "Austria"da (Avstriya) oynayan Ekincier karyerasını Azərbaycanda davam etdirməyə yaxın olsa da, bu, alınmayıb. O qeyd edib ki, müqavilənin şərtlərində razılaşa bilməyiblər: "Almaniyaya da qayıda bilərdim. Həmçinin Azərbaycandan da təklif almışdım. Karyeramı bir müddət orada davam etdirə bilərdim. Sadəcə sonda danışıqlar müsbət yekunlaşmadı. Hazırda Avstriya klubundayam. Mövsüm bitdikdən sonra "Bohum"a qayıdacam. Onlarla 2022-ci ilə qədər müqaviləm var. Ancaq hazırda "Austria"dakı çıxış barədə düşünürəm".
Qeyd edək ki, Ekincier Avstriya birinci liqasında çıxış edən "Austria"da mövsümün əvvəlindən oynayır.