Azərbaycan millisi yubiley uğurunun astanasında
16.11.2019 - 10:43
Azərbaycan millisi yubiley uğurunun astanasında

AVRO-2020-nin seçmə mərhələsinin IX turunun bu gün keçiriləcək Uelslə oyunu Azərbaycan milli komandasının tarixində 255-ci matç olacaq.

APA-nın məlumatına görə, ilk qarşılaşmasını 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 254 görüşə çıxıb.

Milli “Bakcell Arena”dakı oyunda uduzmasa, yubiley uğuruna imza atacaq. Əvvəlki 254 qarşılaşmada komanda 49 qələbə qazanıb və 69 heç-heçə edib.

Bu qələbə milli tarixinin 50-ci sevinci ola bilər. Heç-heçə isə 70-ci kimi tarixə düşəcək. Daha çox azarkeşlərini məyus etməsi ilə seçilən yığma 136 dəfə uduzub. Bu müddətdə 192 qol vuran futbolçularımız 428 top buraxıb.

Uelslə qarşılaşma rəsmi turnirlərdə 131-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 130 oyuna çıxan komanda 15 qələbə qazanıb, 27 heç-heçə edib və 88 dəfə uduzub. Rəqib qapılarına 77 qol vuran futbolçularımız 271-ni buraxıb.

Avropa çempionatlarının seçmə mərhələlərində 67-ci dəfə meydana çıxacaq yığma indiyədək 6 qələbə qazanıb, 10 heç-heçə edib. 50 dəfə uduzan milli 41 qol vurub, 161-ni buraxıb.

“Bakcell Arena”dakı sınaq baş məşqçi Nikola Yurçeviçin bu postda 9-cu görüşü kimi yadda qalacaq. 1 qələbə və 2 heç-heçə görən xorvatiyalı 5 məğlubiyyətə üzülüb. 8 qol vuran komanda öz qapısından ikiqat artığını buraxıb.

Lakin baş məşqçi seçmə mərhələdə qələbəyə həsrətdir. 6 belə görüşdə 1 heç-heçə və 5 məğlubiyyətlə üzləşən N.Yurçeviç 7-ci matçda “xoşbəxt rəqəm”lə qələbəyə sevinmək istəyir. Bu qarşılaşmalarda millinin top fərqi 5-13-dür. 

Qeyd edək ki, komanda 2019-cu ildə yalnız N.Yurçeviçin rəhbərliyi altında oynadığından mütəxəssisin göstəriciləri həm də başa çatmaqda olan ilin nəticələrini əks etdirir.