Azərbaycan yığmasının sabiq futbolçusu MOİK-də
25.12.2019 - 11:16
Azərbaycan yığmasının sabiq futbolçusu MOİK-də

Azərbaycan millisinin sabiq futbolçusu David Qarayev Rusiyanın MOİK klubuna cəlb olunub.

Apasport.az saytının məlumatına görə, hazırda aşağı liqa təmsilçisi “Kamaz”da çıxış edən 25 yaşlı hücumçu Moskva təmsilçisinin qış toplanışında iştirak edəcək.

O, bu müddətdə baxışda olacaq. MOİK-in məşqçilər korpusu D.Qarayevi bəyənsə, karyerası boyu aşağı liqalarda çıxış edən oyunçu Premyer Liqa klubuna keçəcək.

Vaxtilə Azərbaycanın aşağı yaş qruplarında çıxış edən futbolçu 2013-cü ildə millimizdə oynamaqdan imtina edib. Həmin vaxt U-19-un şərəfini qoruyan milliləşən legionerin bu addımı atmasına Rusiyadakı statusu səbəb olub. “OİK-Xabarovsk”da oynamaq üçün ona legioner deyil, yerli statusu almaq vacib idi.

Əslən Vladiqafqazdan olan D.Qarayev bu illər ərzində “OİK-Xabarovsk”, “Simferopol”, “Nefteximik”, “Armavir”, “Spartak” (Vladiqafqaz), OİK (Rostov), “Ximki” və “Kamaz”da oynayıb. Heç bir klubda bir mövsümdən çox duruş gətirməyən rusiyalı hazırda 2-ci liqanın bombardirləri siyahısında 3-cü yerdədir. O, 16 matçda 11 qol vurub.

Qeyd edək ki, MOİK hazırlığa yanvarın 14-də başlayacaq. İspaniyanın Alikante şəhərindəki toplanış fevralın 9-da bitəcək.