21 yaşadək futbolçulardan ibarət komandalar arasında AVRO-2021-in seçmə mərhələsinin Lixtenşteynlə qarşılaşması Azərbaycan yığmasında rekordlarla əlamətdar olub.
APA-nın məlumatına görə, vurduğu qolla milliyə 1:0 hesablı qələbə qazandıran Barış Ekincier yığmanın tarixinə düşüb.
O, U-21 millimizin heyətində seçmə oyunlarda ən çox qol vuran futbolçu adına şərik çıxıb. Milliləşən legioner Lixtenşteynə qol vurmaqla hesabını 4 topa çatdırıb.
Bununla da B.Ekincier Samir Əliyevin 18 il əvvəl müəyyənləşdirdiyi rekordu təkrarlayıb. 40 yaşlı veteran bunadək milli tarixinin ən məhsuldar futbolçusu adının tək sahibi idi. O, oynadığı iki seçmə mərhələnin 15 matçında 4 qol vurmuşdu. İkinci tsikldə yığmada çıxış edən B.Ekincier isə bu rekordu 9 oyunda təkrarlayıb.
Yığmadakı qol hesabını ötən ilin sentyabrında Norveçlə Bakıdakı görüşdə (1:3) açan legioner AVRO-2019-un seçmə tsiklində 3 oyunda 1 dəfə fərqlənib.
Cari seçmə mərhələnin yenə sentyabrda diqqət mərkəzinə düşən B.Ekincier Slovakiyaya (2:1) iki top vurub. Lixtenşteynlə qarşılaşmada isə tsikldəki qol sayı 3-ə çatıb.
Ümumiyyətlə, 4 qolunun hamısını Bakıda vuran B.Ekincier bir seçmə mərhələdə vurulan qol sayında da rekorda şərik olub. Bunadək üç futbolçumuz bir mərhələdə 3 dəfə fərqlənib. Samir Əliyev AVRO-2002, Cavid İmamverdiyev AVRO-2013, Tuğrul Erat AVRO-2015-də üç qola imza atıb.