Azərbaycan millisinin gimnastı Arzu Cəlilova “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Apasport.az saytı xəbər verir ki, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı bu etimada şad olduğunu deyib.
“SmartScoring”in idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması, həmçinin icrası sahəsində xidmət göstərir. Şirkətin fəaliyyətinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan video nəzarəti də daxildir.
16 yaşlı idmançı “SmartScoring”ə gələcək fəaliyyətində uğurlar arzulayıb: “Çox şadam ki, belə bir şirkətin səfiri seçilmişəm. Mənə göstərilən etimada görə onlara minnətdaram. “SmartScoring” şirkəti həm Azərbaycanda, həm də digər ölkələrdə çoxsaylı idman yarışları zamanı xidmətlərin göstərilməsində böyük təcrübəyə malikdir. Onlara gələcək fəaliyyətlərində də uğurlar arzulayıram”.
Şirkətin direktoru Kamran Ramazanov isə gənc və perspektivli idmançını səfir elan etməklə, düzgün seçim etdikləri qənaətindədir: “Arzu belə gənc yaşda olmasına baxmayaraq, həm Avropa çempionatının medalçısıdır, həm də dünya çempionatının ikiqat mükafatçısıdır. Ona seçdiyi yolda daha da böyük uğurlar arzulayırıq. Ümid edirik ki, əməkdaşlığımız uzunmüddətli olacaq”.
Qeyd edək ki, “SmartScoring” artıq idman yarışları zamanı xidmətlərin göstərilməsində böyük təcrübəyə malikdir. Komanda ölkəmizdə təşkil edilmiş batut, idman gimnastikası və bədii gimnastika üzrə keçirilən Dünya Kuboku yarışlarını, bədii və aerobika gimnastikası üzrə Avropa çempionatlarını, həmçinin bir sıra milli turnirləri xalların hesablanması sistemi və video nəzarəti xidməti ilə uğurla həyata keçirib. Şirkət ölkədən kənarda da uğurla fəaliyyət göstərir. “SmartScoring” komandası Avropa Gimnastika İttifaqının rəsmi tərəfdaşıdır və çoxsaylı qitə birinciliklər, II Avropa Oyunları və bir sıra yarışlarda peşəkar xidmətlər göstərib.