Azərbaycanlı məşqçi xəstəxanadan çıxarılır – Pulsuzluqdan
14.12.2020 - 11:34
Azərbaycanlı məşqçi xəstəxanadan çıxarılır – Pulsuzluqdan

Bir aydan artıqdır komada olan Qəhrəman Əliyev yerləşdirildiyi xəstəxanadan bu gün çıxarılacaq.

Apasport.az saytının məlumatına görə, iki həftə öncə təcili surətdə Masallıdan Bakıya gətirilən məşqçinin müalicə prosesinin davam etdirilməsində problem yaranıb.

Yaxınları artıq onun klinika xərclərini qarşılamağa çətinlik çəkir. Gündəlik olaraq özəl xəstəxanaya 1500-2000 manat ödəyən qohumlarının indi həmin pulu ödəməyə imkanı çatmır.

Çünki o, burada - reanimasiya şöbəsində qalacağı təqdirdə, daha 50-60 min manat lazım olacaq. Həkimlərin rəyinə əsasən, Q.Əliyevin özünə gəlməsi və sağalması minimum 2-3 ay çəkəcək, hətta ola bilsin, proses daha bir neçə ay uzansın.

Belədə yaxınlarının koronavirusa yoluxmadan sonra beyin insultu keçirmiş mütəxəssisi doğma rayona aparmaqdan savayı çıxış yolu qalmayıb. O, artıq bu gün axşam Masallıda xəstəxanaya yerləşdiriləcək və müalicəsi davam etdiriləcək.

Futbol Veteranlar İttifaqı və Əliyevin baş koordinatoru olduğu Cavadov adına Bakı Futbol Akademiyası maddi köməklik göstərməsi üçün AFFA-ya müraciət edib. Fəqət federasiya nədənsə hələ də gözləmə mövqeyindədir (sportinfo.az).

0