DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Apasport.az saytının məlumatına görə, Fernando Santuşun yetirmələri mundiala ev sahibliyi edəcək Qətərlə üz-üzə gəlib.
Macarıstanın Debretsen şəhərindəki “Naderdei” stadionunda baş tutan qarşılaşma Avropa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Portuqaliyalıların heyətində 23-cü dəqiqədə Andre Silva, 25-ci dəqiqədə Otavio, 87-ci dəqiqədə isə Bruno Fernandeş (penaltidən) fərqlənib. Abdelkarim Hassanın 61-ci dəqiqədəki təsəlli topu qətərliləri böyükhesablı məğlubiyyətdən xilas edib.
Portuqaliyanın 3:1 hesablı qələbə qazandığı qarşılaşmada Qətərin iki oyunçusu qırmızı vərəqə alıb. 43-cü dəqiqədə Meşaal Barsham, 90+1-ci dəqiqədə isə Bualem Xuki birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu sentyabrın 7-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.