İtaliyanın “Breşiya” klubunun məşqində xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, qalmaqalları ilə ad çıxaran Mario Balotelli hazırlıq prosesini vaxtından əvvəl başa vurub.
Komandanın baş məşqçisi Fabio Qrosso 29 yaşlı hücumçunu məşq prosesindən kənarlaşdırıb. Çalışdırıcı futbolçuya tam qüvvəsi ilə çalışmadığını irad tutub.
Məşqdən qovulmasından narazı qalan M.Balotelli əvvəl soyunub-geyinmə otağına yollanıb, sonra isə hazırlığın bitməsini gözləmədən təlim-məşq bazasını tərk edib. Baş verənləri ört-basdır etməyə çalışan klubdan bildirilib ki, hücumçu ikitərəfli oyun zamanı əvəzlənməsinə görə bazadan ayrılıb.
Qeyd edək ki, yayda azad agent kimi “Breşiya”ya keçən M.Balotelli əvvəllər “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Nitsa” və “Marsel”də oynayıb.