Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olan mütəxəssislərlə danışıqlar dondurulub.
Apasport.az xəbər verir ki, AFFA rəsmi saytı vasitəsilə görüşlərə müvəqqəti olaraq fasilə verildiyini bəyan edib.
Bununla belə, assosiasiya həmin mütəxəssislərlə müntəzəm əlaqə saxlamaqda davam edir: "Namizədlərin müəyyənləşdirilməsi istiqamətində ötən müddət ərzində AFFA tərəfindən müvafiq işlər görülüb. Əvvəlcə namizədlərin geniş siyahısı tərtib olunub və bununla bağlı İcraiyyə Komitəsinin 28 yanvar tarixində keçirilmiş iclasında fikir mübadiləsi aparılıb. İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələri nəzərə alınmaqla namizəd məşqçilərin qısa siyahısı hazırlanıb. Lakin dünyanın əksər ölkələrini əhatə edən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki, mümkünsüzlüyü nəzərə alınaraq, Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti olaraq fasilə verilib. Buna baxmayaraq, AFFA tərəfindən müvafiq məşqçilərlə mütəmadi qaydada əlaqə saxlanılır".
Qurum baş məşqçisi postuna təyinatla bağlı müvafiq rəsmi məlumatların ictimaiyyətin diqqətinə çatdırılacağını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçi postuna namizədlər Canni De Byazi, Luici Di Byaco, Çezare Prandelli, Eusebio Di Françesko, Abdullah Avcı və Ərsun Yanal göstərilir.