Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) rəhbərliyi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.
Apasport.az saytının məlumatına görə, görüş Ağdam klubunun Suraxanıda yerləşən bazasında təbrik edilib.
AİJA prezidenti Eldar İsmayılov, təşkilatın vitse-prezidentləri Nərgiz Mahmudzadə və Anar Şabanoğlu bu gün 50 illiyik yubileyi olan mütəxəssis təbrik edib. Onlar Azərbaycan futbolunun inkişafında və ölkəmizin beynəlxalq imicinin daha da yaxşılaşdırılmasında göstərdiyi misilsiz xidmətlərə görə Qurbanova təşəkkürlərini bildiriblər.
Mötəbər beynəlxalq olimpiya və idman təşkilatları ilə əməkdaşlıq edən AİJA-nın rəhbərliyi Beynəlxalq Feyr-Pley Komitəsinin prezidenti Jeno Kamyutinin Qurbanovun 50 illiyi münasibətilə göndərdiyi rəsmi təbrik məktubunu yubilyara təqdim edib: “Azərbaycanın "Qarabağ" Futbol Klubunun baş məşqçisi cənab Qurban Qurbanova. Hörmətli, cənab Qurban Qurbanov! Sizin 2022-ci il fevralın 24-ü etdiyiniz ədalətli oyun jesti bütün dünyaya səs salıb. Mən sizi bu addımınıza görə minlərlə dəfə təbrik edirəm. Bu istənilən qələbədən daha üstündür. Siz böyük bir nümunə göstərmisiniz! İzninizlə sizə möhkəm can sağlığı və uğurlarınızın davamını arzulayım! Doğum gününüz mübarək!”.
İsmayılov çıxışında qeyd etdi ki, Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı feyr-pley jesti Beynəlxalq Feyr-Pley Komitəsi tərəfindən böyük rəğbətlə qarşılanıb. AİJA-nın komitəyə Qurbanovun 2022-ci ildə Dünya Feyr-Pley mükafatına namizədliyi ilə bağlı təşəbbüsü və rəsmi müraciəti beynəlxalq qurum tərəfindən müsbət qarşılanıb.
