Bəhmən Həsənov “Qalatasaray”ı Azərbaycana gətirdi
28.11.2019 - 17:15
Bəhmən Həsənov “Qalatasaray”ı Azərbaycana gətirdi

İranda fəaliyyət göstərən "Qalatasaray"a məxsus Futbol Akademiyası Azərbaycana gəlib. 

Bu haqda apasport.az saytına məlumatı “sarı-qırmızılar”ın qonşu ölkədə fəaliyyət göstərən akademiyasının koordinatoru Bəhmən Həsənov verib. 

"Rəvan"ın sabiq çalışdırıcısı artıq bir müddətdir Türkiyə klubunun İrandakı akademiyasına rəhbərlik edir. Hazırda Bakıda olan mütəxəssis koordinatoru olduğu akademiya ilə "Qəbələ" Futbol Akademiyası arasında əlaqə qurub. O, qonşu ölkədəki komandalarını Qəbələyə gətirib: "Ərdəbildəki məktəbimizdən dörd yaş qrupu üzrə komanda bura gəlib. "Qəbələ" ilə yoxlama oyunu keçirdik. Komanda rəhbərliyi iranlıları yaxşı qarşıladı. Onları gətirmək üçün Biləsuvara 2 avtobus göndərmişdilər. Qəbələdə oteldə yerləşdirdilər. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub".

B. Həsənov qonşu ölkədə işi barədə də danışıb: “Ərdəbildə, Tehranda, qonşu ölkənin bir çox şəhərlərində məktəblərimiz fəaliyyət göstərir. Maraq həddindən artıq çoxdur. Elə məktəbimiz var ki, orda 1500 uşaq futbolun sirlərini öyrənir. İranda futbola axın güclüdür. Məktəblərdə yerli mütəxəssislər işləyir. Biz - mən və Zamin Əsədullayev məşqçilərə nəzəri məşğələlər keçir, seminarlar təşkil edib onları da savadlandırırıq. Həmçinin, ümumi işin gedişatına nəzarət edirəm”

Bununla belə, çalışdırıcı yenidən Azərbaycanda işləmək arzusundadır: "Öz ölkəmdə çalışmaq istəyirəm. İranda bizə bu qədər etibar etsələr də, mən böyük futbolda baş məşqçi kimi çalışmaq istəyirəm. Açığı, bir müddət əvvəl Premyer Liqa klublarımızın birindən təklif gəlmişdi. Mənə dedilər ki, gəl, filan klub səninlə maraqlanır, danışıq aparmaq istəyirlər. O vaxt mənə İran klublarından da dəvət var idi. Birinci liqa klubu idi. Mən isə Azərbaycanda işləmək istəyirdim, ona görə qayıtdım. Ancaq nəsə danışıq baş tutmadı, nədənsə məsələ uzandı. Bu günə qədər də həmin məşqçi iş başındadır. "Səbail"? Ad çəkmək istəmirəm. Çünki qeyd etdiyim kimi, həmin mütəxəssis hələ də işləyir. "Səbail"in Avroliqa oyununu canlı izləmişəm. Xoşum gəlmədi və 2:1-dən sonra stadionu tərk etdim. Sonra xəbər tutdum ki, hesab 2:3 olub. Komandada oyun yoxdur".