Bombardirlər siyahısında dəyişiklik - İbrahima bir addım öndə
21.04.2022 - 11:44
Bombardirlər siyahısında dəyişiklik - İbrahima bir addım öndə

Azərbaycan kubokunda mövsümün ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu İbrahima Vadji yarışın ən məhsuldar oyunçusu adını ələ keçirib.

İbrahima bombardirlər yarışında təkhakimiyyətliliyə yarımfinalın ilk matçından sonra yüksəlib. O, “Qəbələ” ilə səfər qarşılaşmasında (3:1) fərqlənib.

Bu, Vadjinin cari mövsüm kubokda vurduğu 4-cü top olub. O, üç qola imza atan “Sabah”ın legioneri Coy-Lens Mikelsi arxada qoyub.

Kubokda daha beş oyunçu birdən artıq qola sevinib. “Qarabağ”ın üzvü Ramil Şeydayev, “Neftçi”dən Ramon Maçado, “Zirə”dən Loris Broqno, “Qəbələ”dən İsnik Alimi, “Səbail”dən Mirsahib Abbasovun aktivində 2 top var.

Qeyd edək ki, “Sabah” və “Səbail” mübarizəni dayandırdığından Mikels və Abbasov qol sayını artıra bilməyəcək.