“Zirə”nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XII turunun “Keşlə” ilə ev oyunundan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi oyun, klubunun çıxışı, həmçinin üzvü olduğu Azərbaycan yığması barədə danışıb.
- Vacib qələbə qazandınız. Bu üç xalı belə rahat əldə edəcəyinizi gözləyirdiniz?
- Sözün açığı, rahat qələbə qazanacağımızı gözləmirdik. Qələbə üçün oynamağa borclu idik. Turnir cədvəlindəki mövqeyimiz ürəkaçan deyildi. Bizdən yuxarı və aşağıda qərarlaşan komandalar qalib gəlmişdilər. Ona görə qopmamaq üçün qələbə qazanmaq istəyirdik. Buna da nail olduq.
- Oyuna aqressiv başlamağınız nədən qaynaqlanırdı?
- Matça belə hazırlaşmışdıq. Oyun başlamamışdan da futbolçular hamısı anlayırdı ki, can qoymalı, qalib gəlməliyik. Bunun üçün də istəkli olmaq, vuruşmaq lazımdır. Bunu da kollektiv oyunla bacardıq.
- Əvvəlki oyunlarla müqayisədə fərqli Cavid izlədik. Bu nə ilə bağlıdır?
- Bu suala cavab verə bilmərəm. Çünki bilmək olmaz ki, gələn oyun necə olacaq. Çalışacağıq ki, kollektiv şəkildə bunun ardını gətirək. Bunu unudub, növbəti matçlara hazırlaşmalıyıq.
- 3 qol vursanız da, qaçırdığınız epizodlar da oldu. Bu sizi narahat etmir?
- Əslində, narahat edir. İlk yarıda 2-3 dəfə 100 faizlik qol da vura bilərdik. Bunlardan yararlansaydıq, tam başqa cür olardı. Amma bu futboldur. Belə şeylər olur. Biz də qaçıra bilərik, qapımız önündə də ola bilər. Futbolun gözəlliyi də bundadır.
- “Keşlə”dəki milli üzvlərindən fərqli “Zirə”dəkilər daha yaxşı oynadı...
- Kollektiv şəkildə yaxşı oynadıq. Bu gün hamı yaxşı çıxış etdi. Hər kəs üzərinə düşəni artıqlaması ilə etdi. Milli üzvlərini ayırmazdım.
- Bu gün həm öz, həm də Şefik Tiqrudjanın işini gördünüz. Çətin deyildi?
- Elə taktika ilə oynayırdıq. Onun komandada öz yeri var. Özüm haqda əlavə nə isə demək istəmirəm. Çalışırdım ki, komandaya kömək edim. 100 faizlik qol imkanlarını qaçırdığım üçün bir az pis oldum.
- Millinin seçmə mərhələni 1 xalla başa vurması çox müzakirə olundu. Necə düşünürsünüz baş məşqçi dəyişikliyi nəyəsə nail olmağa yetərlidirmi? Nikola Yurçeviçlə davam etməliyik, yoxsa getməlidir? Sizcə millini yerli, yoxsa əcnəbi çalışdırmalıdır?
- Bu mövzudan danışmaq istəməzdim. Amma həqiqətən də qrupumuz ağır idi. Düzdür, yenə də daha çox xal toplaya bilərdik. Lakin bacarmadıq. Baş məşqçiyə gəlincə, hər nəticə üçün çalışdırıcı cavabdehdir. Hesabat da ondan tələb olunur. Bununla bağlı qərarı AFFA verə bilər. Mən fikir söyləsəm də, bunun mənası yoxdur və nəticəyə təsir göstərməyəcək.