Ceyhun Sultanov: “Mən də orada olmalı idim” - MÜSAHİBƏ
21.05.2021 - 10:15
Ceyhun Sultanov: “Mən də orada olmalı idim” - MÜSAHİBƏ

Mövsümün gedişində “Neftçi”nin idman direktoru postundan ayrılaraq “Keşlə”də eyni vəzifəyə təyin olunan Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- Mövsümə “Neftçi”də başlayan biri kimi, dünən baş tutan “Neftçi” - “Qarabağ” matçı zamanı hansı hisslər keçirirdiz? Sabiq komandanızın çempionluğunu gözləyirdiz?
- O qədər həyəcanlı idim ki, baxırdım, hərdən çevirirdim. Orada əziyyətin olubsa, istər-istəməz həyəcan keçirirsən. İki il yarım “Neftçi”də çox şeyi dəyişməyi bacardım. Komanda artıq çempion oldu, bu münasibətlə rəhbərliyini, bütün futbolçularını təbrik edirəm. Çox adamın əziyyəti var. Azarkeşlər neçə il idi ki, bunu gözləyirdilər, nəhayət, nail oldular. “Neftçi”də işlədiyim müddətdə heç kimə başa sala bilmədim ki, mənim işim komanda formalaşdırmaqdır, onu oynatmaq deyil. Təəssüf ki, heç kim bunu başa düşmürdü. Hamı elə bilirdi ki, komandanı da meydana mən buraxmalıyam, hər şeyi də etməliyəm. Bu gün göstərdi ki, məşqçi işi öz sözünü deyir. Orada işlədiyim zaman tək düşüncəm o idi ki, yaxşı futbolçu gətirirsənsə, nailiyyət əldə edə bilərsən. Amma indi fikirləşirəm ki, nə qədər güclü futbolçun olur-olsun, yaxşı məşqçin olmasa, uğur qazanmağın mümkün deyil.

- Həmin an “Neftçi”də olmaq, qızıl medalı almaq heç ürəyinizdən keçmədi?
- Mənim yığdığım kollektiv olmasaydı, belə şeylər düşünməzdim. Özüm yığdığım komanda olduğu üçün içimdə hiss var idi ki, mən də orada olmalı idim. Meydançada ola-ola əcnəbi futbolçular mənimlə canlı əlaqə qurdular. Sağ olsunlar ki, onlara çəkdiyim əziyyəti itirmədilər. Özləri də dedilər ki, sənin əziyyətinin bəhrəsidir, bu uğur sənə görədir. Bunu eşitmək o deməkdir ki, sanki qızıl medalım var.

- “Neftçi”nin bu uğurunda payınız oldu. Qızıl medal sizə düşmürdü?
- Onu mən deyə bilmərəm. Bilmək olmaz, bəlkə sabah medalımı göndərəcəklər. Əgər bunu qiymətləndirənlər varsa, mənə xoşdur. Hər halda xoş olardı. Çünki funksioner kimi çempion olmamışam.

- “Neftçi”dən qalmaqallı şəkildə ayrıldığınızla bağlı söz-söhbətlər gəzirdi. Ancaq klub prezidenti Kamran Quliyev çempion olduqdan sonrakı müsahibəsində uğurda sizin də pay sahibi olduğunuzu dedi. Demək olarmı ki, onun bu fikri yayılan məlumatlara cavab oldu?
- Heç bir qalmaqal, söz-söhbət olmamışdı. Oradan ayrılmağımın yeganə səbəbi “Qarabağ”a 0:6 hesabı ilə uduzmağımız oldu. 1:2 hesabı ilə uduzsaydıq, bəlkə də, getməzdim. Baş məşqçini də mən təklif etmişdim. 0:6 hesabına şəxsən mən dözə bilmədim. Halbuki hamı bilir ki, orada hansı işləri görmüşəm. Komanda bir günə formalaşmır, hər şey pillə-pillə olur. Bunun da bəhrəsini gördülər. Tək mənim yox, orda işləyən hər kəsin əziyyəti var. Ən çox əziyyət çəkən mənim yanımda olan Qədir Həsənov olub. Bütün kluba – məşqçilər heyətinə, rəhbərliyə, həkimlərə, bir sözlə, hamısına təbrik düşür.

- Bəlkə həmin 0:6 hesablı məğlubiyyətdən sonra komanda toparlandı?
- Belə deməzdim. “Neftçi”nin normal heyəti var. Sadəcə, bu komandanı düzgün yönəltmək lazım idi. Füzuli Məmmədov da yaxşı məşqçi idi. Pis olsaydı, onu təklif etməzdim. Sadəcə, Füzuli Məmmədovun vaxtı az oldu. “Neftçi”də isə dərhal nəticə tələb olunur. Bir balaca uğursuzluq olan kimi söz-söhbət başlayır. Samir Abasov istəyini reallaşdırdı, bacarığını ortaya qoydu. Amma əlində keyfiyyətli futbolçular olmasaydı, bunu edə bilməzdi. İnanırsız, oyun günü həm “Neftçi” azarkeşləri, həm orada çalışan işçilər, həm də futbolçular məni təbrik elədilər. O qədər zəng gəldi ki, bir anlıq “Neftçi”də işlədiyimi düşündüm. Hətta menecerlər də yazırdılar ki, orada sənin əziyyətin var. Birdən ayıldım, öz-özümə dedim ki, axı mən “Neftçi”də yox, “Keşlə”də işləyirəm.

Ruslan Sadıqov