Öz ölkəsinin yüksək liqasında keçirdiyi səfər oyunlarında ən uzun müddət qol buraxmayan klubların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ”da cədvəldə yer alıb.
Qurban Qurbanovun yetirmələri rəqib meydanındakı son 5 matçda qol buraxmayıb. Ağdamlılar səfərdə qapısını alınmaz qalaya çevirib.
Premyer Liqanın XXIV turunda “Qəbələ”ni 2 cavabsız qolla məğlub edən “Qarabağ” bundan əvvəlki səfərlərdə “Şamaxı” (0:0), “Sabah” (1:0), “Zirə” və “Sumqayıt”dan (hər ikisi 3:0) qol buraxmayıb. Ağdamlılar axırıncı dəfə fevralın 7-də 2:1 hesabı ilə məğlub etdiyi “Neftçi”nin meydanında qapısında qol görüb.
Bu, hazırda dünyanın davam edən ikinci ən uzun seriyasıdır. Yalnız BATE daha yaxşı göstəriciyə malikdir. Belarus klubu çempionatdakı son 6 matçında qapısını toxunulmaz saxlayıb. Litva təmsilçisi “Panevejis” isə “Qarabağ”a şərikdir.