“Düşündüyümüz o idi ki, komanda yük altında oynasın. İkinci oyunda daha çox yüklənəndən sonra bu dəfə futbolçularda dinamikliyin yoxluğu hiss olunurdu”.
Apasport.az saytının məlumatına görə, bunu Antalya toplanışı çərçivəsində keçirilən “Qəbələ” – “Bohemians” (Çexiya) oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
42 yaşlı mütəxəssis matç barədə fikirlərini klubun saytına açıqlayıb: “Belə çətin oyun olacağını gözləyirdik. Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə də verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırdı”.
Baxşıyev ümumilikdə toplanışı da dəyərləndirib: “Ümumi götürəndə toplanışdan razı qaldım. Əlbəttə, çatışmayan cəhətlər var. İnanıram ki, günü-gündən bu çatışmazlıqları da aradan qaldıracağıq. İki həftə deyil ki, komanda kimi bir yerdəyik. İnanıram ki, günü-gündən optimal formaya yaxınlaşacağıq. Bu matçda bir az rotasiyaya getdik. Daha çox gənclərə şans verdik. Bu oyun gənclər üçün təcrübə olacaq. “Sumqayıt”la kubok matçına 9 gün var. Bərpa prosesini tam keçib vətənə dönəndən sonra bütün düşüncə həmin qarşılaşma ilə bağlı olacaq”.