“Mən heç kimi təhqir etməmişəm”.
Bunu apasport.az saytına açıqlamasında Premyer Liqanın XXIII turunda “Sumqayıt”la (1:1) oyunda hakimi təhqir etdiyinə görə 4-ü şərti olmaqla 5 matçlıq cəzalandırılan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Qarşılaşmanın 90+3-cü dəqiqəsində baş hakim Rauf Cabarovun qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırdığı 42 yaşlı mütəxəssis AFFA İntizam Komitəsinin qərarına münasibət bildirib. O, yazıldığı kimi, hakimi təhqir etmədiyini söyləyib: “Oyunda sadəcə etirazımı bildirmişəm. Heç kimi söyməmişəm. Verilən qərara şərh vermək istəmirəm”.
Qeyd edək ki, Elmar Baxşıyevlə bağlı qərarda sınaq müddəti 3 ay təyin edilib. O, Premyer Liqanın XXIV turunda aprelin 24-də “Qarabağ”la keçiriləcək matçda texniki zonadakı yerini ala bilməyəcək.