“Oyunun çətin keçəcəyini bilirdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
42 yaşlı mütəxəssis qarşılaşmadan sonra “CBC Sport” telekanalına açıqlamasında komandasından razılıq bildirib: “Rəqib son sıralarda qərarlaşsa da, yaxşı futbolçulardan yığılan kollektivdir. Hesab aldatmasın. “Sumqayıt” da bizə çətin anlar yaşatdı. Komandamın yanaşmasından razıyam. Daha yaxşı və məzmunlu oyun sərgiləyəcəyimizə inanıram”.
O, növbəti turda lider “Qarabağ”a qarşı keçiriləcək matça da toxunub: “Qarabağ” barədə hələ fikirləşmirik. Onların gücü hamıya bəllidir. Çempionatımızın ən iddialı komandalarından biridir. Qarşıdakı günlərdə bütün diqqətimizi həmin görüşə yönəldəcəyik. İnanıram ki, “Qarabağ”a qarşı da yaxşı çıxış edəcəyik”.