Elvin Yunuszadə: "İspaniyaya yollanmaq üçün yaxşı şansım var idi" - MÜSAHİBƏ
11.01.2020 - 11:01
Elvin Yunuszadə: "İspaniyaya yollanmaq üçün yaxşı şansım var idi" - MÜSAHİBƏ

"Səbail"dən ayrıldıqdan sonra klubsuz qalan Elvin Yunuszadənin apasport.az saytına müsahibəsi

- "Səbail"dən ayrıldıqdan sonra klubsuz qalmısınız. Yaya qədər gözləməli olacaqsız, yoxsa təklifləriniz var?
- Təkliflərim var. 2-3 klubla danışıqlar gedir. Hazırda götür-qoy edirəm. Yəqin ki, yaxın günlərdə konkret qərarımı verəcəm.

- "Simurq", "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail"də oynamısınız. Maraqlıdır, növbəti klubunuz sabiq komandalarınızdan biri olacaq, yoxsa necə?
- Bəli, bir neçə klubumuzda oynamışam. Hamısı üçün də əlimdən gələni etmişəm. Amma növbəti klubum hansı olacaq, yerli, yoxsa xarici komandaya gedəcəyimin bilinməsinə çox az qalıb.

-"Səbail"də qalmamağınız nə ilə əlaqədar idi? Klubdakı maddi sıxıntılar ayrılmağınıza səbəb oldu?
- "Səbail"dən ayrılmağım haqda çox, özü də fərqli səbəblər yazıldı. Amma heç bir qlobal şey yox idi. Oturduq məsləhətləşdik və ən düzgün qərarın belə olduğunu müəyyənləşdirdik. Normal şəkildə də ayrıldıq. Düzdür, bəzi xoşagəlməz məsələlər ortaya atıldı. Amma mən "Səbail"dən normal şəkildə ayrılmışam.

- Bir müddət əvvəl İspaniya klubundan təklif aldığınızı demişdiniz. Klubsuz qalandan sonra onlarla danışığa başlamısız? Bəlkə azad agent olduğunuzdan sizi transfer etmək istəyərlər?
- Xeyr, onlarla əlaqə saxlamamışam. Əgər indi mən onlara maraqlı olsaydım, özləri kontakta keçərdilər. Məncə, bu məsələ çoxdan bağlanıb. O vaxtı İspaniyaya yollanmaq üçün yaxşı şansım var idi. Bundan da vaxtında istifadə eləmədim. Ona görə deyirəm ki, məncə, artıq məsələ qapanıb. 

- Azərbaycan və xarici klublardan təklifiniz varsa, üstünlüyü hansına verəcəksiniz?
- Yəqin ki, üstünlüyü xarici kluba verəcəm. Ölkədən kənarda oynamağı özüm də istəyirəm. Görək də necə olacaq. Fikrim xaricə yollanmaqdır. Özüm üçün də stimul olar. Çünki özün üçün yeni karyera, yeni həyat qurursan.

- Bir müddət əvvəl millimizin sabiq çalışdırıcısı Qyoko Hacıyevski saytımıza müsahibəsində sizin barənizdə də danışıb və bildirmişdi ki, "Elvin Avropa səviyyəli müdafiəçi ola bilərdi, ona Azərbaycanda lazımı dəyəri vermirlər". Nəyə görə, gənc yaşlarınızda Avropaya yollanmadınız və ya sizə həqiqətənmi lazımı dəyəri vermirlər?
- Qyoko Hacıyevskinin futbolçu karyerama böyük təsiri, böyük köməyi olub. Hər barədə deyirəm. Məşqçiliyi bir kənara qoysaq, insanlığı da yüksək səviyyədədir. Adamla valideyn, doğma kimi ünsiyyət qurur. Onun haqqını heç vaxt ödəyə bilmərəm. Məşqçi kimi də çox güclüdür. Bu günlərdə də onunla bir-iki məsələ ilə bağlı danışmışıq. Ola bilsin ki, yaxın gələcəkdə yenidən bir yerdə çalışdıq. Haqqımda səsləndirdiyi xoş fikirlərinə görə minnətdaram. 27 yaşım var və məncə, müdafiəçi üçün ən yaxşı vaxtlardır. Avropaya yollanmaq üçün hələ də gec deyil. Avropaya getmək fikrim var. Qismət olsa, ölkə xaricində özümü yoxlamaq istəyirəm.