"Kubokun finalındakı epizodda Skuliçin niyyəti mərkəzdən qol vurmaq deyildi, topu "Xəzər Lənkəran"a atmaq idi. Həmin anda da Kamranın yanlış mövqe seçimi qola səbəb oldu".
Bunu apasport.az saytına "Bakı"nın sabiq kapitanı Elvin Əliyev 2009-10 mövsümündə Azərbaycan kubokunun finalında "Xəzər Lənkəran"la keçirilən oyunu dəyərləndirərkən deyib.
Bu günlərdə yenidən gündəmə gələn qalmaqallı final qarşılaşmasından bəhs edən sabiq müdafiəçi vurduqları qoldan sonra feyr-pleyə əməl etməmələrinə də izah gətirib. Əliyev həmin anda bunu etməyin mümkünsüz olduğunu vurğulayıb: "Gərək o situasiyanın içində olasan ki, yaşananları hiss edəsən. Rəqib "Xəzər Lənkəran", məşqçisi Ağasəlim Mircavadov, tribunadan oyunu izləyən millinin baş məşqçisi Berti Foqts idi. Axı onların hamısına nəyisə sübut etmək lazımdır. Vurduğumuz qoldan sonra kapitan kimi yükün altına girib heç kimə deyə bilməzdim ki, top buraxaq. Yalnız rəhbərlikdən göstəriş gəlsəydi, rəqibə qol vurmaq imkanı verə bilərdik. Nə olsun ki, kapitanam, özbaşına qərar verə bilməzdim. Əminəm ki, "Xəzər Lənkəran" belə qol vursaydı, həyatı boyu feyr-pley etməzdi. Meydanda elə ab-hava yaranmışdı ki, istəyirdin qan içəsən. Həmin vaxt 25 gün ərzində "Xəzər Lənkəran"ı 3 dəfə məğlub etdik".
Əliyev matçdan bir öncə başına gələn hadisəni də danışıb. O, rəqibin köməkçi-məşqçisi Tərlan Əhmədovla söhbət etdiyi üçün danışıqda günahlandırıldığını söyləyib: "Final oyunundan bir gün əvvəl otaqda uzanmışdım. Birdən zəng gəldi ki, səni çağırırlar. "Bakı"nın bazasındakı "bisetka"ya getdim. Rafael Əmirbəyov, Mahmud Qurbanov, bir də Zeynal Zeynalovun adamı olan sürücü Elçin idi. Elçin mənə dedi ki, inkar eləmə, dünən Tərlan Əhmədovla danışmısan, mesaj da var. Yerimdə donub qaldım. Tərlan da "Xəzər Lənkəran"da köməkçi-məşqçi idi. "Olimpik"də onunla bir yerdə oynamışam, möhkəm dost idik. Söhbəti yayanı oradaca söydüm, qapını döyməmiş girdim Zeynal müəllimin otağına. Dedim ki, ayıb deyil, sabah qırğın oyuna çıxacağıq, bu nə haqq-hesabdır çıxarırsınız? Zeynal müəllim bildirdi ki, narahat olma, belə bir şeyin olmadığını bilirik, olsaydı, başqa cür hərəkət edərdik. Həm də o vaxtlar gözümüzü pul örtmüşdü. Rəhbərlik yaxşı mükafat qoymuşdu, ardıcıl qələbələrə görə, 100 minə yaxın qazanmışdıq. Bu qədər mükafatın qarşısında kim danışığa gedər? "Xəzər Lənkəran"la oyunda da ikiqat mükafat olurdu. "Xəzər Lənkəran" da Azərbaycanın akkumulyatoru idi, onlarla üz-üzə gələndə futbol oynadığımızı hiss edirdik. Meydançası, azarkeşi sayəsində futboldan həzz alırdıq".
Qeyd edək ki, "Bakı" 2009-10 mövsümündə Azərbaycan kubokunun finalında "Xəzər Lənkəran" üzərində 2:1 hesablı qələbə qazanıb.