Emrelinin debüt arzusu baş tutmadı, liderlik əldən çıxdı
27.02.2022 - 22:57
Emrelinin debüt arzusu baş tutmadı, liderlik əldən çıxdı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası “Dinamo” növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Zaqreb təmsilçisi Xorvatiya çempionatının XXV turunda “Osiyek”in qonağı olub.

Qarşılaşma turnir cədvəlinin lideri ilə ən yaxın izləyicisinin dueli kimi əlamətdar alınıb. Bu matça qədər rəqibindən 1 xal öndə olan “Dinamo” meydanı məğlub tərk edib. “Osiyek” 77-ci dəqiqədə vurduğu yeganə qolla qalib gələrək, liderliyi də rəqibindən təhvil alıb.

Oyuna ehtiyatdan başlayan Mahirin isə HNL-də debüt etmək arzusu yenə baş tutmayıb. 25 yaşlı forvard matçı ehtiyatdan izləməklə kifayətlənib.

Bu görüşdən sonra “Osiyek” 52 xalla çempionata başçılıq edirsə, “Dinamo” 50 xalla ikinci sıradadır. Lakin aaqreblilərin ehtiyatında bir oyun var.