Estoniya millisinin müdafiəçisi: “Neftçi”dən təklif almışam”
14.04.2022 - 11:14
Estoniya millisinin müdafiəçisi: “Neftçi”dən təklif almışam”

“Azərbaycanda oynamaq maraqlı olar. Rəsmi təklif gələrsə, dəyərləndirərəm”.

Bunu apasport.az saytına açıqlamasında “Voskla”nın müdafiəçisi Conas Tamm deyib.

Hazırda icarə əsasında ölkəsində “Flora”nın formasını geyinən Estoniya millisinin futbolçusu yayda Azərbaycan klublarından birinə keçmək variantına aydınlıq gətirib. O, menecerinin hazırda bir neçə ölkənin klubu ilə danışıq apardığını vurğulayıb: “Düzdür, “Vorskla” ilə müqaviləm davam edir. Ancaq Ukraynadakı durumla əlaqədar gələn mövsümü harada keçirəcəyim bəlli deyil. Transfer məsələsi ilə menecerim məşğul olur. Təfərrüatı ilə bilməsəm də, Azərbaycan variantı istisna deyil. Mövsümün sonunda “Vorskla” rəhbərliyi ilə də söhbətim olacaq. Bu üzdən indidən hansısa klubla anlaşmağım mümkün deyil”.

30 yaşlı mərkəz müdafiəçisi 2019-cu ilin yayında “Neftçi”dən təklif aldığını da etiraf edib: “Bəli, iki mövsüm əvvəl “Neftçi”dən təklif almışam. Hətta həmin vaxt formasını geyindiyim “Flora” və keçmiş menecerimlə də rəsmi danışıq olub. Ancaq bildiyim qədərilə maliyyə məsələsində klublar ortaq məxrəcə gələ bilməyiblər. Məndə olan məlumata görə, “Flora”nın tələb etdiyi transfer qiyməti “Neftçi”ni razı salmayıb. Bu üzdən keçidim baş tutmayıb”.

Qeyd edək ki, 2011-ci ildən bəri Estoniya yığmasının heyətində 48 oyunda 3 qol vuran Conas Tamm meneceri tərəfindən Azərbaycan klublarına təklif olunub.