FİFA birləşmiş çempionatlarla bağlı müzakirəyə hazırdır
21.12.2019 - 14:33
FİFA birləşmiş çempionatlarla bağlı müzakirəyə hazırdır

Uzun müddət bir neçə ölkənin birləşmiş çempionat keçirməsinin qəti əleyhinə FİFA-nın mövqeyi tədricən dəyişib.

Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, artıq belə variantlarla bağlı müzakirələr aparmaq, bütün detalları araşdırmaq vaxtdır: “Biz diskussiyalar üçün açıq olmalıyıq. Belçika və Niderland Benilüks liqasını yaratmağı müzakirə edir. Bu, artıq 20 ildir davam edir. Biz həmişə “yox” demişik. Çünki futbolun təməli kimi milli liqaları görürük. Amma, bu, bəlkə də kimə isə kömək edəcək? Bəlkə hansı isə vəziyyətdə yeganə çıxış yoludur. Ola bilsin, bu, Avropa və ya Afrikada kiminsə işinə yarayacaq. Mən bunu Afrika üçün təklif etmişdim. Düşünürəm ki, bu məqamları araşdırmağa borcluyuq. Görək bu hara aparacaq”.

Qeyd edək ki, indiyədək FİFA yalnız ABŞ və Kanada klublarının oynadığı MLS-ə istisna kimi baxır, digər bu kimi cəhdlərə, o cümlədən Belçika və Niderlandın, 2013-cü ildə Rusiya ilə Ukraynanın vahid çempionatına qarşı sərt mövqe tuturdu. Azərbaycan klublarının da keçmiş SSRİ təmsilçilərinin qatılacağı birləşmiş çempionatda iştirakı ilə bağlı ideya dəfələrlə ortaya atılıb.