İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales maraqlı açıqlama ilə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, 43 yaşlı futbol funksioneri La Liqada formatın dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib.
O, çempionatın təşkilatçısı olan Peşəkar Futbol Liqasına (PFL) bu barədə təklif göndərdiklərini də vurğulayıb: “La Liqanın rəhbəri Xavyer Tebasla bizim nümayəndələr razılaşmırlar. Onunla danışığa hazıram. Formatın dəyişdirilməsi üçün tezliklə onu müzakirəyə dəvət edəcəyəm. Oyun sayını azaltmaq və həftəsonu matçların sayını artırmaqla daha cəlbedici format hazırlaya bilərik. Matçlar neytral meydanlarda ola bilər”.
Federasiya prezidentinin təklifinə PFL-dən dərhal cavab gəlib. Qurum bunun qəbuledilməz variant olduğunu bəyan edib: “Yarışın formatını dəyişdirməyi düşünməyəcəyik. Mövcud model son illər böyük uğurlar qazandırdı. Yayım gəlirləri artdı, ABŞ-da La Liqa matçlarının yayımlanması üçün ESPN-lə müqavilə imzaladıq. Koronavirus pandemiyası yarandıqdan sonrakı ilk mövsümündə La Liqa qazanc əldə edən yeganə çempionatdır. Bu üzdən mövcud formatdakı dəyişiklik məsuliyyətsizlik olardı”.
La Liqanın bəyanatında o da əlavə olunub ki, yalnız VAR sisteminin yaxşılaşdırılması və Avropa Superliqası üçün federasiya ilə müzakirə aparmağa hazırdırlar.