Fransa millisinin sabiq futbolçusu: “PSJ ondan qurtulmalıdır”
31.03.2022 - 12:16
Fransa millisinin sabiq futbolçusu: “PSJ ondan qurtulmalıdır”

Fransa yığmasının keçmiş futbolçusu Emmanuel Peti PSJ-yə hücumçu Neymarla vidalaşmağı məsləhət görüb.

Apasport.az saytının “sport-express.ru”ya istinadən məlumatına görə, 52 yaşlı mütəxəssisin fikrincə, Braziliya millisinin üzvü komandaya xeyir vermir.

Peti Neymarın ayrılmasının hər iki tərəfin xeyrinə olacağını düşünür: “Neymar iki ildir durğunluq içindədir. O, rəqibləri təkbətək mübarizələrdə artıq məğlub etməyə çalışmır. Amma bu qədər maaş və uzunmüddətli müqavilə fonunda Neymardan qurtulmaq çətin olacaq. Xüsusən də, dünya çempionatına bir neçə ay qalmış. PSJ-nin əsas səhvi Neymarla yeni müqavilə imzalamaq oldu. Komandaya heç bir kömək etmədiyi halda sözləşməni necə dörd illik uzatmaq olar? Onun gedişi hər iki tərəfə rahatlıq gətirəcək”.

Qeyd edək ki, PSJ ilə anlaşması 2025-ci ilin yayına qədər olan Neymar bu mövsüm 21 oyunda 5 qol vurub, 5 assist edib.