Hisslərini sözlə ifadə edə bilmədi – Mahir Emreli
15.07.2021 - 16:41
Hisslərini sözlə ifadə edə bilmədi – Mahir Emreli

Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli Çempionlar Liqasının I təsnifat mərhələsinin “Bodo Qlimt”lə cavab oyunundan sonra azarkeşlərə təşəkkür edib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu instaqram paylaşımında oyun barədə fikirlərini də bölüşüb.

O, Norveç təmsilçisi üzərində qələbə (2:0) zamanı komandaya dəstək olan fanatlardan razılığını da qeyd edib: “Həqiqətən də hisslərimi sözlə ifadə etmək çətindir. Dünən elə əla oyun oldu ki... Bizə azarkeşlik edən hər kəsə təşəkkür etmək istəyirəm. Biz bütün gücümüzü meydanda qoyduq. Bunun bəhrəsini verdiyini də bilirik. Növbəti mərhələdə görüşərik”.

Qeyd edək ki, Emreli “Bodo Qlimt”lə hər iki oyunda start heyətində yer alıb və matçların sonlarında əvəzlənib. Onun komandası II təsnifat mərhələsində Estoniya “Flora”si ilə üz-üzə gələcək. 
 

0