Bir qədər sonra Avropa Liqasında final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Qdansk şəhərindəki həlledici qarşılaşmada “Vilyarreal”la “Mançester Yunayted” üz-üzə gələcək.
İngiltərə klubunun heyətində çıxış edən bir futbolçu karyerası ərzində hər iki klubun şərəfini qoruyub. Ümumiyyətlə, son illər həm “Mançester Yunayted”, həm də “Vilyarrel” formasını geyinmiş çox az sayda oyunçu var. Bu yazıda məhz həmin futbolçular təqdim edilib.
1. Dieqo Forlan
Forlan 2001/02 mövsümünün qış fasiləsində “Mançester Yunayted”ə keçib. İki il yarımlıq müddətdə ümidləri doğrultduğunu demək olmaz. Uruqvaylı fovardın karyerasında yüksəliş 2004-cü ilin yayında “Vilyarreal”a transfer olunmaqla başlayıb. Üç mövsümdə vurduğu 59 qol sayəsində “Atletiko”ya yolu açılıb. Madrid təmsilçisində qaldığı 4 ildə isə 96 dəfə fərqlənib. Forlanın karyerasında eniş 2011-ci ildən başlayıb.

2. Cüzeppe Rossi
Futbola “Mançester Yunayted”də başlayıb. Həmin dövrün ən yaxşı hücumçularının yer aldığı heyətə düşmə şansı çox deyildi. Yenə də 14 matçda 4 qol vurub. 2007-ci ildə “Vilyarreal”la anlaşan italiyalı La Liqa təmsilçisində qollarını sıralayıb. Ağır zədə aldığı 2011/12 mövsümünə qədər heç bir mövsümdə 10-dan az qol vurmayıb. 34 yaşlı forvard bir ildir klubsuzdur.

3. Antonio Valensiya
Valensiya 20 yaşında “Vilyarreal”la anlaşaraq Avropaya ilk addımını atıb. Lakin ekvadorlunun bu klubdakı karyerası cəmi 2 oyundan ibarət olub. Valensiya özünü Premyer Liqa təmsilçisi “Viqan”a icarəyə verildikdən sonra göstərə bilib. Aleks Ferqyusonun da diqqətini çəkən cinah oyunçusu 16 milyon funt-sterlinq qarşılığında “Mançester Yunayted”in formasını geyinib. Bu komandada isə düz 10 il çıxış edib.

4. Erik Bayi
Bayi futbola “Espanyol”da başlayıb, ilk peşəkar oyununa məhz Kataloniya klubunun heyətində çıxıb. Əsas kollektivdə cəmi bir il keçirdikdən sonra “Vilyarreal”a transfer olunub. Joze Mourinyonun “Mançester Yunayted”ə ilk transferi kimi yadda qalıb və ilk illərində uğurlu nəzərə çarpırdı. Lakin Fil Dişi Sahili millisinin üzvü üç mövsümdür zədələrlə “vuruşur”. Buna baxmayaraq, “qırmızı şeytanlar” 27 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə müddətini 2024-cü ilə qədər uzadıb.
