İAM-ın 10 illik yubileyi münasibəti ilə turnir keçiriləcək
13.04.2022 - 14:01
İAM-ın 10 illik yubileyi münasibəti ilə turnir keçiriləcək

İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək.

Apasport.az saytının məlumatına görə, yarışın keçirilməsində məqsəd İAM-ın 10 illik yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, 28 May – Müstəqillik Günü, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun anım, mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun doğum gününü qeyd etmək, jurnalistlər arasında münasibətləri daha da yaxşılaşdırmaq, bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkilinə mənəvi dəstək olmaqdır.

Komandalar püşkatma yolu ilə “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Laçın”, “Kəlbəcər”, “Ağdam” və “Şuşa” adlanacaq. İlk tur 4 may – İAM-ın yaradılmasının 10-cu ildönümü günündə açılış mərasimindən sonra start götürəcək. Zəfər Kubokuna 19 iyun – mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının ildönümü günündə yekun vurulacaq.

Turnir hərəsində 4 komanda olmaqla, qrup sistemi, yəni, iki qrup (A və B qrupları) üzrə keçiriləcək. Hər qrupdan iki komanda yarımfinala, yarımfinal oyunlarının qalibləri isə finala vəsiqə qazanacaq. Üçüncü yer uğrunda görüş olmayacaq və yarımfinalda uduzanlar avtomatik olaraq, üçüncü yerin sahibi sayılacaqlar.

Yarışda 1-ci yerin sahibinə Zəfər Kuboku və 2000 manat pul mükafatı (hər bir oyunçuya 250 manat), 2-ci yeri tutacaq komandaya 1200 manat pul mükafatı (hər bir oyunçuya 150 manat) veriləcək. Finalçılar, həmçinin yarımfinalda uduzanlar diplomlarla mükafatlandırılacaq.