Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yeni mükafat təsis edib.
Apasport.az saytının məlumatına görə, hər ilin sonunda ölkələrdəki nümayəndələri arasında keçirdiyi səsvermə ilə ən yaxşıları müəyyənləşdirən qurum yeni nominasiyaya ehtiyac duyub.
Qurumun prezidenti Saleh Salem Bahvininin təşəbbüsü ilə “Ən yaxşı futbol adamı” mükafatı sahibini tapacaq. Bu, 2018-2019-cu illərdə futbolda ən böyük xidməti olan ictimai siyasi xadimlərdən birinə veriləcək.
İFFHS arxada qalan iki il üçün 3 namizəd müəyyənləşdirib. Bunlar Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, Almaniya kansleri Anjela Merkel və Rusiya prezidenti Vladimir Putindir.
Qeyd edək ki, İFFHS bütün nominasiyalarda ən yaxşıları gələn həftə açıqlayacaq.